Tramp İlham Əliyevə zəng etdi: söhbət 40 dəqiqədən çox davam etdi – EKSKLÜZİV
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı 40 dəqiqədən çox davam edib.
1news.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, telefon zəngi Donald Trampın təşəbbüsü ilə baş tutub və 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin birinci ildönümünə həsr olunub.
Məlumata görə, Azərbaycan və ABŞ liderləri arasında söhbət dostluq və səmimi atmosferdə keçib.
Azərbaycan Prezidentinin rəsmi saytının daha əvvəl yaydığı məlumata əsasən, telefon danışığı zamanı İlham Əliyev və Donald Tramp Vaşinqton Sammitindən ötən bir ilin nəticələrini, Azərbaycan ilə Ermənistan arasında sülh prosesini, TRIPP layihəsinin icrasını, eləcə də Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişafını müzakirə ediblər.
Xüsusi olaraq qeyd olunub ki, ötən bir il ərzində regionda sülh və sabitlik qorunub, sülh prosesinə zərər vura biləcək hər hansı insident baş verməyib.
Tərəflər, həmçinin Azərbaycan neft məhsullarının Ermənistana ixracını, yüklərin Azərbaycan ərazisindən tranzitini və iki ölkə arasında ticarət əlaqələrinin başlanmasını müsbət qiymətləndiriblər.











