Vaşinqton razılaşmaları Cənubi Qafqazda nəyi dəyişir? – Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni mərhələ - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

Vaşinqton razılaşmaları Cənubi Qafqazda nəyi dəyişir? – Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni mərhələ - ŞƏRH

Qafar Ağayev14:37 - Bu gün
Vaşinqton razılaşmaları Cənubi Qafqazda nəyi dəyişir? – Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni mərhələ - ŞƏRH

“Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan razılaşmalar, o cümlədən Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı birgə bəyanat Cənubi Qafqazdakı regional münasibətlər sistemində fərqli mühit formalaşdırır”.

Bunu 1news.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

O bildirib ki, burada əsas xətt Azərbaycan-ABŞ strateji tərəfdaşlığının ön plana çıxmasıdır:

“Ermənistan da həmin planın tərkibində və müəyyən edilmiş meyarlara uyğun şəkildə hərəkət etmək öhdəliyini birgə bəyannamədə üzərinə götürüb. Azərbaycan və ABŞ münasibətlərinin strateji istiqamətləri TRİP marşrutu layihəsində də gələcəkdə daha geniş şəkildə özünü göstərəcək. Azərbaycan-Ermənistan münasibətləri kontekstində isə TRİP marşrutuna münasibətdə olduqca maraqlı proseslərin başlanacağının şahidi ola bilərik”.

Aqşin Kərimov

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbi də bu prosesdə xüsusi əhəmiyyət daşıyır:

“İlk növbədə nəzərə almalıyıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın konstitusiyasının dəyişdirilməsi tələb olunur. Bu amili Azərbaycan-ABŞ strateji tərəfdaşlığı ilə əlaqələndirsək, deyə bilərik ki, Vaşinqton Azərbaycanın bu prioritetinə, yəni Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbinə dəstək verir”.

A.Kərimov qeyd edib ki, Vaşinqtonda əldə olunan razılaşmalardan biri də üçüncü hərbi qüvvələrin regionda yerləşdirilməməsi ilə bağlıdır:

“Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə edilən razılaşmada üçüncü hərbi qüvvələrin regionda yerləşdirilməməsi məsələsi də öz əksini tapıb. Bununla Azərbaycan Ermənistanın üzərinə də məsuliyyət qoyur ki, öz ərazisində üçüncü hərbi qüvvələrin yerləşdirilməsinə imkan verməsin”.

Siyasi şərhçi vurğulayıb ki, bu məqam Azərbaycan və ABŞ-ın yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması istiqamətində səylərini aydın şəkildə göstərir:

“Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq müharibədə əldə olunan qələbə diplomatiya masasında daha da qüvvətləndi. Ermənistanın artıq ümumilikdə ictimai-siyahi mühitinin dəyişməsi prosesi gedir. Bu, olduqca əhəmiyyətli regional transformasiyadır. Bu transformasiya çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığının perspektivdə daha maraqlı və konstruktiv əməkdaşlığa əsaslanan proseslərin başlanmasına zəmin yaradacağını düşünürəm”.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sənədlər imzalanıb. Həmin gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in razılaşdırılmış mətnini paraflayıblar. Ardınca liderlərin iştirakı ilə Birgə Bəyannamə imzalanıb.

 

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər