Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi görüşündən bir il ötür
Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirdiyi tarixi görüşdən düz bir il ötür.
1news.az xəbər verir ki, 2025-ci il 8 avqust tarixində üç ölkənin lideri danışıqların nəticələrinə dair Birgə Bəyannaməyə imza atıb. Sənəddə qeyd olunur ki, liderlər "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik ediblər. Həmçinin Sazişin imzalanması və yekun ratifikasiyası üçün əlavə tədbirlərin görülməsi zərurəti vurğulanıb.
Trampın iştirakı ilə keçirilən bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri sayılır.
Birgə Bəyannamə tərəflərin sülh gündəliyinə sadiqliyini və qarşılıqlı münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında qurulmasına hazır olduqlarını əks etdirib. Sənəddə güc tətbiqinin və ya güclə hədələmənin yolverilməz olduğu, regionun gələcəyinin əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulmasının vacibliyi qeyd edilib.
Bəyannamənin diqqətçəkən məqamlarından biri tərəflərin keçmiş münaqişənin yaratdığı düşmənçilik səhifəsini bağlamaq niyyətini bəyan etməsidir. Sənəddə revanşizmə yol verilməyəcəyi, gələcək münasibətlərin sülh və əməkdaşlıq üzərində qurulacağı xüsusi vurğulanır — bu, regionda etimad mühitinin formalaşmasına yönəlmiş mühüm siyasi mesaj kimi qiymətləndirilir.
Sülh sazişinin mətninin paraflanması uzun illər davam edən danışıqlar prosesində mühüm irəliləyiş, gələcək sülh müqaviləsinin hüquqi əsaslarının formalaşmasına xidmət edən mərhələ hesab edilir.
Görüşdən sonra Azərbaycan və Ermənistanın birgə müraciəti əsasında ATƏT-in Minsk Qrupu fəaliyyətini dayandırıb. Paraflanmadan sonra Azərbaycan ərazisindən Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb, Rusiya və Qazaxıstan buğdası Azərbaycan üzərindən Ermənistana daşınıb, Azərbaycan isə öz neft məhsullarını Ermənistana göndərib.
Görüşün digər nəticəsi kimi TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi üzrə hazırlıq işləri sürətlənib — Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək marşrutun texniki-infrastruktur hazırlıqları davam edir, ölkə öz ərazisində avtomobil və dəmir yolu infrastrukturunun tikintisini genişləndirib.
Bu müddətdə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib, aprel ayında isə tərəflər delimitasiya üzrə təlimat layihələrini razılaşdırıblar.
Beləliklə, Vaşinqtonda imzalanan sənəd təkcə ikitərəfli münasibətlərin normallaşdırılması deyil, bütövlükdə regionun təhlükəsizliyi, iqtisadi inkişafı və beynəlxalq əməkdaşlıq perspektivləri üçün strateji əhəmiyyət daşıyan siyasi faktor kimi tarixə düşüb. Beynəlxalq ictimaiyyət görüşü Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli diplomatik addım kimi dəyərləndirir. Ekspertlərin fikrincə, sənəd tərəflərin birbaşa dialoqunun davamı, regionda kommunikasiya və iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi, eləcə də yekun sülh sazişinin imzalanması üçün mühüm hüquqi-siyasi baza yaradıb.












