Türkiyədə F-16 qəzaya uğrayıb, pilot xilas oldu
Türkiyənin Yalova vilayətində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, F-16 tipli döyüş təyyarəsi təlim uçuşu zamanı Yalovanın 18-ci Hava Komandanlığı ərazisi yaxınlığında dənizə düşüb.
Yerli sakinlərin bildirdiyinə görə, təyyarə suya çırpıldıqdan sonra güclü partlayış baş verib, hadisə yerindən alov və tüstü sütunları bir çox nöqtədən müşahidə olunub.
İlkin məlumatlara əsasən, pilot fəlakətdən öncə katapult sistemindən istifadə edərək təyyarəni tərk edib və dənizə tullanıb.
Türkiyə Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, təlim uçuşu icra edən F-16 təyyarəsi Yalovada qəzaya uğrayıb, lakin pilot təyyarəni tərk edərək xilas olunub. Qəzanın səbəbi aparılacaq ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək.
Yalova valisi Əhməd Həmdi Usta hadisə yerinə yollanıb. Qəza yerinə çoxsaylı ambulans və tibbi briqadalar cəlb edilib.
Hadisə ilə bağlı təfərrüatlar dəqiqləşdirilir.












