Sumqayıtda velosipedçinin həyatını təhlükəyə atan sürücü müəyyən edildi – VİDEO
Sumqayıtda avtobus sürücüsü velosipedçi üçün təhlükəli vəziyyət yaradıb
1news.az xəbər verir ki, hadisənin görüntüləri velosiped həvəskarları tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Videoda sərnişin avtobusunun yolun sağ tərəfində hərəkət edən velosipedçinin yanından yüksək sürətlə və təhlükəli məsafədən keçdiyi görünür. Hadisə nəticəsində velosipedçinin xəsarət aldığı, avtobus sürücüsünün isə hadisə yerindən uzaqlaşdığı bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, Sumqayıt şəhəri ərazisində sərnişin avtobusu sürücüsünün velosipedçi üçün təhlükəli vəziyyət yaratmasını əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Keçirilmiş tədbirlər nəticəsində avtobusun sürücüsü – 34 yaşlı E.Əliyev müəyyən edilərək izahatının alınması üçün polis orqanına dəvət olunub.
Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib.
Faktla bağlı araşdırma davam etdirilir.












