Su yaxındadır, amma hamı üçün yox: Nardaran sakinləri illərdir davam edən problemin həllini tələb edir
Nardaran qəsəbəsinin mərkəzindən cəmi bir neçə dəqiqəlik məsafədə yerləşən ərazidə yüzlərlə sakin illərdir eyni problemlə üz-üzədir - mərkəzləşdirilmiş su təchizatı yoxdur.
Söhbət karxananın qarşısında yerləşən və hazırda 250-dən çox ailənin daimi yaşadığı bağ massivindən gedir.
Oxucuların müraciətlərinə əsasən, vəziyyəti xüsusilə ağrılı edən məqam ondan ibarətdir ki, Nardaranın özündə və yaxınlıqdakı “Sea Breeze” ərazisində mərkəzləşdirilmiş su təchizatı mövcuddur. Karxananın qarşısında yerləşən bağ massivinin sakinləri isə hələ də suyu maşınlarla gətizdirmək məcburiyyətindədirlər.
Yay aylarında problem daha da kəskinləşir. Yüksək temperatur su sərfiyyatını əhəmiyyətli dərəcədə artırır: su yemək hazırlamaq, məişət ehtiyacları, həyətlərin suvarılması və elementar sanitariya şəraitinin təmin olunması üçün lazımdır. Hazırda 10 tonluq su maşınının qiyməti təxminən 40 manatdır və bu su cəmi bir neçə günə tükənir. Nəticədə ailələr mütəmadi olaraq əlavə xərc çəkməli olurlar.
Sakinlərin sözlərinə görə, problem artıq uzun illərdir həllini tapmır. Bir neçə il əvvəl onlar imza toplayaraq yaşayış məntəqəsinin mərkəzləşdirilmiş su təchizatı ilə təmin olunmasına kömək göstərilməsi xahişi ilə müraciət ediblər.
Sakinlər bildirirlər ki, demək olar, hər il məsələnin planlara daxil edildiyi və həll olunacağı ilə bağlı onlara vədlər verilir. Lakin illər keçir, evlərə su xətti çəkilmir. Elə buna görə də bir çox sakin növbəti planlardan deyil, real nəticədən danışmaq istədiklərini bildirirlər.
Bununla yanaşı, ərazi sürətlə inkişaf edir. Yeni evlər və bağ evləri tikilir, sakinlərin sayı artır. Yaxınlıqda Emin Ağalarovun təsis etdiyi “Sea Breeze” kimi iri layihə həyata keçirilir, müasir infrastruktur inkişaf etdirilir, yeni obyektlər istifadəyə verilir. Belə bir fonda elementar su təminatının olmaması xüsusilə kəskin görünür.
Sakinlər ümid edirlər ki, uzun illərdir davam edən müraciətləri nəhayət nəzərə alınacaq. Mərkəzləşdirilmiş su xəttinin çəkilməsi insanları daim su almaq üçün əlavə xərc çəkməkdən xilas etməklə yanaşı, burada yaşayan və sayı artmaqda olan çoxsaylı ailələr üçün daha layiqli həyat şəraiti yaradacaq.
Rəsmi qurum nə cavab verdi?
1news.az məsələyə aydınlıq gətirilməsi üçün aidiyyəti qurumlara sorğu göndərib.
Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) strukturuna daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən cavabda bildirilib ki, qeyd olunan ünvanda Xidmətin içməli su təchizatı şəbəkəsi mövcud deyil.
Qurumdan qeyd olunub ki, içməli su təchizatı sistemi olmayan ərazilər üçün ADSEA-nin sifarişi ilə Bakı şəhəri və Abşeron yarımadasında 2026–2035-ci illərdə su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində su təchizatı sisteminin yaradılması ilə bağlı müvafiq layihə sənədləri hazırlanıb.
ADSEA-dən bildirilib ki, layihələrin icrası mövcud şəbəkənin olub-olmaması, onun texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçiriləcək. Qurumun cavabına əsasən, yaşayış məntəqələrində içməli su təchizatı şəbəkələrinin tikintisi tədbirlər planına uyğun olaraq mərhələli şəkildə aparılır.
Lakin rəsmi cavabda Nardaran ərazisindəki bağ massivində su şəbəkəsinin konkret olaraq nə vaxt çəkiləcəyi, tikinti işlərinə nə zaman başlanacağı və sakinlərin mərkəzləşdirilmiş su təchizatından nə vaxt yararlana biləcəyi barədə dəqiq tarix göstərilməyib.
Beləliklə, bağ massivində yaşayan sakinlərin illərdir dilə gətirdiyi problem rəsmi şəkildə də təsdiqlənib: qeyd olunan ünvanda mərkəzləşdirilmiş içməli su şəbəkəsi həqiqətən mövcud deyil.
Bununla yanaşı, ərazinin daha geniş su təchizatı proqramına daxil edildiyi və şəbəkənin yaradılması üçün layihə sənədlərinin hazırlandığı da bildirilir.
İndi sakinlərin əsas sualı isə dəyişmir: bu planlar nə vaxt onların evlərinə qədər çəkiləcək su xətlərinə çevriləcək?
Hələlik ailələr xüsusilə yay aylarında əlavə maliyyə yükü ilə üzləşərək gətirilən su almağa davam etməli olurlar.
Sakinlər ümid edirlər ki, rəsmi cavabda qeyd olunan mərhələli həll prosesi daha bir neçə ilə uzanmayacaq və uzun illərdir davam edən problem nəhayət konkret müddətlər və real işlərlə həllini tapacaq.












