"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub | 1news.az | Xəbərlər
Cəmiyyət

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub

Qafar Ağayev16:44 - Bu gün
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

1news.az xəbər verir ki, "Mercedes" pilotu Corc Rassell 51 dövrəlik mübarizənin yekununda bütün rəqiblərini qabaqlayaraq qalib gəlib.

Rassell bununla da karyerasında ilk dəfə Bakıda keçirilən yarışda birinci olub. "Red Bull" pilotu Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü yeri tutub.

Yarışın böyük hissəsində liderliyi qoruyan Rassell 10-cu, 20-ci, 30-cu və 40-cı dövrələrdən sonra da ilk sırada olub. Müxtəlif mərhələlərdə Oskar Piastri və Maks Ferstappen ikinci pillədə qərarlaşıblar.

Yarışa saat 15:00-da start verilib. 20 döngədən ibarət Bakı trekinin uzunluğu 6,003 kilometr, ümumi yarış məsafəsi isə 306,049 kilometrdir.

Paytaxtda ilk yarış 2016-cı ildə Avropa Qran-prisi adı ilə keçirilib. Sonrakı yarışlar Azərbaycan Qran-prisi kimi təşkil olunub. Bakıda Niko Rosberq, Daniel Rikkardo, Lüis Hemilton, Valtteri Bottas, Serxio Peres, Maks Ferstappen və Oskar Piastri qalib olublar. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən yarış keçirilməyib.

Qeyd edək ki, builki Azərbaycan Qran-prisindən əvvəl sürücülər sıralamasında Andrea Kimi Antonelli 292 xalla lider, Corc Rassell 211 xalla ikinci, Lüis Hemilton isə 191 xalla üçüncü olub.

Konstruktorlar Kubokunda isə "Mercedes" 503 xalla birinci, "Ferrari" 358 xalla ikinci, "McLaren" isə 306 xalla üçüncü sırada qərarlaşıb.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər