“Əbədi dostluq”dan 1 milyard dollarlıq hədəfə: Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Əbədi dostluq”dan 1 milyard dollarlıq hədəfə: Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ - ŞƏRH

Ayşən Salehli12:45 - Bu gün
“Əbədi dostluq”dan 1 milyard dollarlıq hədəfə:  Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ - ŞƏRH

“Azərbaycan-Özbəkistan münasibətləri strateji xarakter kəsb edir və fundamental məsələlərdə bizim mövqelərimiz tamamilə üst-üstə düşür”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat iki ölkə liderlərinin qarşılıqlı səfərlərinin münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi olduğunu bildirib.

“15 dəfə son 5 il ərzində hər iki dövlətin lid erlərinin qarşılıqlı səfərləri olub. Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistanda 3 dəfə rəsmi, 7 dəfə isə qeyri-rəsmi səfərdə olub. Son 5 ilin bu rəqəmləri onu göstərir ki, siyasi dialoq çox yüksək səviyyədədir”.

Elman Nəsirov

İqtisadi göstəricilərə diqqət çəkən E.Nəsirov vurğulayıb ki, qarşılıqlı əlaqələrin çox ciddi iqtisadi əsasları formalaşıb.

“Ölkə Prezidenti cənab İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə avqust ayının 21-də, yəni səfər öncəsi verdiyi müsahibəsində bu məqamlara diqqət ayırdı və bildirdi ki, artıq 2025-ci ildə əvvəlki illə müqayisədə 3 dəfə ticarət dövriyyəsi, qarşılıqlı ticarət dövriyyəsinin həcmi artıb və 795 milyon dollara gəlib çatıb. Bu çox mühüm göstəricidir.

Eyni zamanda bu, 2026-cı ilin yanvar-may ayları ərzində isə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 33% artaraq 144 milyon ABŞ dollarına çatıb. Yəni bu rəqəmlərin özü iqtisadi münasibətlərimizin göstəricisidir”.

Deputat bu dəfəki dövlət səfəri çərçivəsində qarşıya qoyulan əsas iqtisadi hədəflərdən birinə də diqqət çəkib:

“Cənab Prezidentin Özbəkistana bu dəfəki dövlət səfəri çərçivəsində imzalanmış sənədlərdən biri də 2030-cu ilə qədər Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlıdır. Bu, doğrudan da, çox böyük rəqəmdir və iki tərəfli münasibətlərimizin necə yüksək templə inkişaf etdiyinin göstəricisidir”.

Elman Nəsirov əldə olunan nailiyyətlərdə hər iki ölkənin liderlərinin rolunu xüsusi vurğulayıb:

“Heç şübhəsiz ki, bu nailiyyətlərin, iki tərəfli münasibətlərdə, həm də çoxtərəfli münasibətlərdə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrimizin inkişafında hər iki dövlətin liderlərinin böyük, xidmətləri var. Bunu birmənalı şəkildə söyləmək olar ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının dahi oğludur. Eyni cəsarətlə demək olar ki, Şavkat Mirziyoyev də özbək xalqının dahi oğludur. Hər iki dövlətin başçısı öz dövlətlərini və xalqlarını milli mənafedən irəli gələn müstəqil siyasət həyata keçirirlər. Hər ikisi xarizmatik liderdirlər və bu liderlərin dostluğu və qardaşlığı, xalqlarımızın dostluğu və qardaşlığı, dövlətlərimizin dostluğu, qardaşlığı və münasibətlərin müttəfiqlik səviyyəsinə çatması, heç şübhəsiz ki, bundan sonrakı dövr üçün də iki tərəfli əlaqələrin inkişafı ilə bağlı unikal imkanlar pəncərəsi açır”.

Deputat səfərin əhəmiyyətinin imzalanan sənədlər kontekstində qiymətləndirilməsinin vacibliyini bildirib:

“Bu səfər çərçivəsində imzalanmış sənədlər kontekstində qiymət vermək daha düzgün olardı. Və nəzərə alsaq ki, Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin Azərbaycana səfərləri dövründə çoxsaylı sənədlər, onların içərisində ikisini xüsusilə qeyd etmək istərdim ki, imzalanmışdı: bunlardan biri Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının dərinləşdirilməsi ilə bağlı imzalanmış bəyannamədir; ikinci sənəd isə Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri ilə bağlı müqavilədir.

Cənab Prezidentin bu səfəri çərçivəsində isə Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında müqavilə imzalandı: “Əbədi dostluq”. Hesab edirəm ki, bu beynəlxalq münasibətlər sistemində, dövlətlərarası münasibətlərdə atılmış unikal addımdır və tarixdə onun bənzərləri yəqin ki, barmaqla sayılacaq qədərdir. Müstəqillik dövrü ərzində Azərbaycan heç bir dövlətlə münasibətlərinin bu səviyyəsi, yəni əbədi dostluqla bağlı bir sənəd imzalamamışdı”.

Elman Nəsirov səfər çərçivəsində imzalanan digər sənədlərə və həyata keçirilən layihələrə də toxunub:

Bütün bunlar onu göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri çox yüksək inkişaf tempinə malikdir və həllini tapmayan bir məsələ yoxdur. Səfər çərçivəsində həm gömrük, həm turizm sahəsində əlaqələrlə bağlı, Naxçıvanın və Xankəndinin Özbəkistanın ölkə şəhəri ilə qardaşlaşması ilə bağlı sənədlər imzalandı. Eyni zamanda bir sıra çox mühüm təməlqoyma mərasimləri, açılış mərasimləri keçirildi. Beynəlxalq Bankın, “Mətənət A” şirkətinin Özbəkistanda müasir qurğularının açılışı oldu. “Landau” adına iki məktəbin açılışı oldu. Sonra Özbəkistanda 5 yanacaqdoldurma məntəqəsi, “Sea Breeze Uzbekistan” layihəsi və digər bu kimi layihələrin reallaşdırılması ilə də bağlı mühüm addımlar atıldı”.

Deputat Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın Qarabağın bərpası istiqamətində də mühüm nəticələr verdiyini qeyd edib:

“Cənab Prezident bu səfəri zamanı xüsusilə vurğuladı ki, dəfələrlə Özbəkistanda olub, bu dövlətin nə qədər inkişaf etdiyini öz gözləri ilə görüb. Özbəkistan, doğrudan da, hazırda çox sürətlə inkişaf edən bir dövlətə çevrilib. Prezident böyük fəxarət hissəsilə qeyd etdi ki, işğaldan azad olunmuş torpaqlarımızın bərpası, yenidən qurulması məsələlərində birinci dəstək verən Prezident Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci dəstək verən dövlət isə Özbəkistan olmuşdur.

Eyni zamanda Xankəndi şəhərində tikiş fabrikinin çox sürətlə istifadəyə verilməsi... Bütün bunlar bizim əlaqələrimizin səviyyəsinin göstəricisidir. Həm də əldə olunmuş başqa bir razılaşmaya görə, Azərbaycan və Özbəkistan Xəzər dənizində birgə yük donanmasının istifadəyə verilməsi ilə bağlı da razılaşma əldə ediblər və bu da olduqca müsbət hadisədir”.

Elman Nəsirov iki ölkənin beynəlxalq və regional məsələlərdə qarşılıqlı dəstəyinin də əhəmiyyətli olduğunu bildirib:

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də vurğuladığı kimi, əldə olunmuş razılaşmalardan biri həm regional, həm də beynəlxalq səviyyələrdə hər iki dövlətin bir-birini birmənalı şəkildə dəstəkləməsi ilə bağlıdır. Bu da çox əhəmiyyətli məsələdir. Ortaq dəhlizlə bağlı məsələlər də diqqət mərkəzində olub danışıqlar zamanı. Əldə olunmuş razılaşmalara görə, Çindən Qırğızıstana, oradan Özbəkistana gələn dəmir yolu xəttinin Xəzər vasitəsilə Azərbaycana yükdaşınması, oradan Türkiyə və Avropaya çatdırılması ilə bağlı da razılaşma əldə edilib. Yeri gəlmişkən, yükdaşımalar sahəsində də əlaqələrimizin səviyyəsi yüksəkdir. Keçən il 1,4 milyon ton qarşılıqlı yükdaşıma reallaşdırılıb. Bütün bunlar bir daha onu təsdiq edir ki, Azərbaycan və Özbəkistan bir-birinə olduqca yaxın dövlətlərdir. Dünyada dövlətlər arasında bir etibarsızlıq mühiti hökm sürməkdədir. Bu reallıqda hər iki dövlətin dostluğu, qardaşlığı, müttəfiqliyi və əbədi dostluqla bağlı tarixi razılaşma əldə etməsi bir daha bu səfərin əhəmiyyətini göstərir”.

Deputat sonda səfərin iki ölkə arasında münasibətləri yeni mərhələyə yüksəltdiyini vurğulayıb:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqust ayının 23-də Daşkəndə və sonradan Buxaraya reallaşdırdığı dövlət səfəri Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığını və müttəfiqliyini artıq keyfiyyətcə yeni mərhələyə yüksəltdi”.

Qeyd edək ki, 23–24 avqust tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfəri edib. Səfər çərçivəsində Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüşlər keçirilib, Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” və digər sənədlər imzalanıb, iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram qəbul edilib. Həmçinin Prezident İlham Əliyev Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni, Prezident Şavkat Mirziyoyev isə Azərbaycanın “Heydər Əliyev” ordeni ilə təltif olunub. Səfər zamanı “Yeni Daşkənd” layihəsi ilə tanışlıq, Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı və “Azərbaycan” parkının təməlqoyma mərasimi keçirilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva ilə birlikdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Buxarada bir sıra tarixi-mədəni abidələrlə tanış olublar. Səfər avqustun 24-də başa çatıb.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər