“Bəlkə bizi doğum evində səhv salıblar”: Bakıda doğulan erməni qadın 64 il sonra qohumlarını axtarır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bəlkə bizi doğum evində səhv salıblar”: Bakıda doğulan erməni qadın 64 il sonra qohumlarını axtarır – FOTO

Feliks Vişnevetskiy13:12 - Bu gün
“Bəlkə bizi doğum evində səhv salıblar”: Bakıda doğulan erməni qadın 64 il sonra qohumlarını axtarır – FOTO

Facebook istifadəçisi German Lukomnikov sosial şəbəkədəki səhifəsində Bakıdakı uşaqlıq illərindən sinif yoldaşı və dostu olan Romella Kasparovanın genetik testdən keçməsi və gözlənilməz nəticə əldə etməsi barədə paylaşım edib.

1news.az xəbər verir ki, “Onun həm ata, həm də ana tərəfdən qohumları ilə DNT baxımından ümumiyyətlə heç bir uyğunluğunun olmadığı məlum olub. Bu, həm onun, həm də qohumları üçün böyük sürpriz olub. Onun qohumları da belə bir testdən keçiblər. O, doğum evində başqa bir qız uşağı ilə səhv salındığını ehtimal edir. Bununla əlaqədar həmin digər qızı, daha doğrusu, qadını və onun qohumlarını, yəni əsl bioloji valideynlərini və digər qohumlarını axtarır”, - deyə G.Lukomnikov bildirib.

O qeyd edib ki, Romella Kasparova 1962-ci il avqustun 5-də Bakıda, Krupskaya adına doğum evində (hazırda 5 nömrəli doğum evi – red.) dünyaya gəlib.

“Bütün həyatı boyu özünü erməni hesab edib və test həqiqətən də onun 50 faiz erməni mənşəli olduğunu göstərib. Lakin digər 50 faiz rus, ukraynalı və ya belarus mənşəlidir. Yəni onun axtardığı qadın, şərti olaraq, onun “səhvən dəyişdirilmiş bacısıdır”. Görünür, o da 1962-ci il avqustun 5-də (bəlkə də bir gün əvvəl və ya sonra) Bakıda, eyni doğum evində dünyaya gəlib. Ehtimal olunur ki, erməni-slavyan ailəsində böyüyüb”, - deyə G.Lukomnikov əlavə edib.

Onun sözlərinə görə, sonradan məlum olub ki, doğum evində bu qədər qədim məlumatlar saxlanılmır.

64 yaşlı Romella Kasparova da özünün “Facebook” səhifəsində paylaşım edərək axtarışa başladığını bildirib:

“1962-ci il avqustun 5-də erməni-slavyan ailəsində dünyaya gəlmiş qadını axtarıram (50 faiz erməni mənşəli, digər 50 faiz isə rus, ukraynalı və/və ya belarus mənşəli). Böyük xahiş edirəm, ötən əsrin 60-cı illərində Bakıda yaşamış tanışlarınız və qohumlarınız arasında bu barədə soruşun. Hər hansı məlumat və istənilən əlaqə üçün sizə sonsuz minnətdar olaram. Laqeyd qalmayan hər kəsə böyük təşəkkür edirəm!”

Qeyd edək ki, Romella Kasparovanın hekayəsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər genetik testin gözlənilməz nəticələrini müzakirə edir və bu qeyri-adi ailə tarixçəsinin təfərrüatlarını araşdırmağa çalışırlar.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər