Qəbələ yeni qastronomiya destinasiyası kimi mövqeyini gücləndirir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələ yeni qastronomiya destinasiyası kimi mövqeyini gücləndirir - FOTO

1news Redaksiyası09:15 - Bu gün
Qəbələ yeni qastronomiya destinasiyası kimi mövqeyini gücləndirir - FOTO

“Məhsul Mövsümü” Qəbələnin restoran, bağ, fermer təssərüfatları və istehsalçılarını bir araya gətirdiyi bir vaxtda Qəbələ mətbəxi beynəlxalq auditoriyaya daha geniş təqdim olunur. Bununla da Qəbələ qastronomiyanı destinasiya kimliyinin mühüm hissəsinə çevirmək istiqamətində yeni addımlar atır.

Qəbələ Azərbaycanın qastronomiya destinasiyalarından biri kimi yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır. Bu strategiya yerli məhsulları, fermerləri, bağları, restoran və aşpazları bir araya gətirir, eyni zamanda ziyarətçilər üçün yeni təcrübələr yaradır və Qəbələnin kulinariya kimliyini tədricən beynəlxalq auditoriyaya təqdim edir.

Məqsəd qastronomiyanı yalnız restoran təcrübəsi olmaqdan çıxarmaq, qida, kənd təsərrüfatı, mədəniyyət, təbiət və yerli icmalar arasında əlaqə yaratmaq və onu Qəbələyə səyahət etmək üçün mühüm səbəblərdən birinə çevirməkdir.

“Məhsul Mövsümü” Qəbələnin qastronomiya ekosistemini bir araya gətirir

“Gabala Hospitality Group”un təşəbbüsü ilə başladılan “Məhsul Mövsümü” 2026-cı ilin oktyabr ayı boyunca destinasiya miqyaslı mövsümi qastronomiya proqramı çərçivəsində 20-dən çox yerli restoranı, seçilmiş bağları, fermerləri, istehsalçıları və Qəbələ bazarını bir araya gətirəcək.

İştirakçı restoranlar Qəbələdə yetişdirilən və istehsal olunan məhsullar əsasında xüsusi “Farm-to-Table”  (bağdan süfrəyə) mövsümi menyular təqdim edəcəklər. Seçilmiş bağlarda meyvə və şabalıd yığımı da daxil olmaqla “Özün yığ” (“Pick Your Own”) təcrübələri təşkil olunacaq; bunlar ənənəvi çay süfrəsi və digər mövsümi fəaliyyətlərlə tamamlanacaq.

Qəbələ bazarı da bu təcrübənin bir hissəsi olacaq və ziyarətçilərə təzə yerli məhsulları kəşf etmək, fermer və istehsalçılarla birbaşa ünsiyyət qurmaq imkanı verəcək.

Bu elementlər birlikdə bağdan və bazardan restoran süfrəsinə uzanan bir səyahət yaradır — Qəbələnin kənd təsərrüfatı irsini ziyarətçi təcrübəsinə çevirir və yerli qastronomiya icmasının müxtəlif üzvlərini vahid destinasiya təşəbbüsü ətrafında birləşdirir.

Ziyarətçilər “Məhsul Mövsümü”nün tam proqramı, iştirakçı restoranlar, bağ təcrübələri və mövsümi fəaliyyətlərlə harvestseasongabala.az saytında tanış ola bilərlər.

Qəbələ mətbəxinin beynəlxalq auditoriyaya təqdimatı

Destinasiya daxilində qastronomiya təcrübələrinin inkişafı ilə yanaşı, Qəbələ öz kulinariya kimliyinin beynəlxalq səviyyədə daha geniş tanıdılması istiqamətində də addımlar atır.

10–13 sentyabr 2026-cı il tarixlərində Gabala Hospitality Group-un aşpazları Elmar Əliyev və Rüfət Əliyarov Parisdə keçirilən Village International de la Gastronomie tədbirində Azərbaycan pavilionunda Qəbələ mətbəxini və kulinariya ənənələrini təqdim ediblər.

Paviliondakı uğurlu təqdimat beynəlxalq medianın da diqqətini cəlb edib. Fransanın nüfuzlu “Luxury Place Magazine” nəşri ölkəmizin tədbirdəki iştirakına həsr olunmuş materialında Qəbələyə ayrıca yer ayıraraq regionun zəngin təbiətini və kulinariya irsini, eləcə də “Gabala Hospitality Group”un aşpazlarının Qəbələ mətbəxini uğurla təqdim etmələrini vurğulayıb.

Beynəlxalq auditoriyaya təqdimat Qəbələnin yerli məhsullarını, kulinariya ənənələrini və qida mədəniyyətini destinasiya brendinin tanınan elementlərinə çevirməyə yönəlmiş daha geniş fəaliyyətin bir hissəsidir.

Uzunmüddətli qastronomiya destinasiyasının qurulması

“Məhsul Mövsümü” ayrıca bir kampaniya deyil, Qəbələnin qastronomiya ekosisteminin inkişafına yönəlmiş daha geniş və uzunmüddətli yanaşmanın bir hissəsi kimi nəzərdə tutulur.

Növbəti mərhələlərdə yerli fermerlər, istehsalçılar, aşpazlar və restoranlar arasında əlaqələrin gücləndirilməsi; yeni kulinariya təcrübələrinin yaradılması; Qəbələ aşpazlarının və mətbəxinin beynəlxalq səviyyədə tanıdılması fəaliyyətinin davam etdirilməsi, həmçinin destinasiyanın ümumi qastronomik təkliflərinin genişləndirilməsi diqqət mərkəzində olacaq.

Paralel olaraq bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsi üçün bir sıra beynəlxalq qastronomiya təşəbbüsləri ilə potensial əməkdaşlıq imkanları araşdırılır; prosesin növbəti fazaları haqqında məlumatlar açıqlanacaq. “Gabala Hospitality Group” həmçinin qarşıdakı illərdə beynəlxalq restoran brendlərini və dünya miqyasında tanınmış aşpazların konsepsiyalarını destinasiyaya gətirmək istiqamətində çalışır.

Uzunmüddətli istiqamət iki əsas məqsədi birləşdirir: Qəbələnin özünəməxsus dəyərləri tanıtmaq və destinasiyanı beynəlxalq təcrübə və konsepsiyalarla, eyni zamanda auditoriyalarla əlaqələndirmək.

Kənd təsərrüfatı irsini və kulinariya mədəniyyətini yeni ziyarətçi təcrübələri və artan beynəlxalq tanıtımla birləşdirən Qəbələ, qastronomiyanı destinasiya kimliyinin fərqləndirici və dayanıqlı hissəsinə çevirməyi hədəfləyir — Qəbələnin dadlarını dünyaya çıxarmaqla yanaşı, yeni qastronomik təcrübələri də Qəbələyə gətirməyi planlayır.

 

 

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər