Pərvanə Vəliyeva: Bu islahatlar Azərbaycanda səhiyyə sisteminin dayanıqlı inkişafına mühüm töhfə verəcək
“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə TƏBİB sistemində çalışan 72 212 nəfər tibb işçisinin əməkhaqqı fondunun illik 189 milyon manat artırılması səhiyyə işçilərinin maddi rifahının yaxşılaşdırılması baxımından mühüm addımdır”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən verilən müvafiq tapşırıq dövlətin səhiyyə sisteminin inkişafına və tibb işçilərinə göstərilən diqqətin daha da gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, sözügedən qərar yalnız əməkhaqqının artırılması kimi deyil, səhiyyə sisteminin uzunmüddətli və dayanıqlı inkişafına yönəlmiş mühüm addım kimi qiymətləndirilməlidir.
“Bu artımı yalnız əməkhaqqının yüksəldilməsi kimi deyil, səhiyyə sisteminin uzunmüddətli və dayanıqlı inkişafına yönəlmiş insan kapitalına investisiya kimi qiymətləndirmək lazımdır. Həkim və digər tibb işçisi öz peşə fəaliyyətini həyata keçirərkən sosial təminatı ilə bağlı narahatlıqların təsiri altında olmamalıdır. Tibb işçisinin maddi və sosial baxımdan daha təminatlı olması onun peşəsinə motivasiyasını artıracaq. Bu isə nəticə etibarilə göstərilən tibbi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək. Eyni zamanda, nəzərdə tutulan nəticəyönümlü ödənişlər tibbi xidmətlərin həm səmərəliliyinin, həm də keyfiyyətinin yüksəldilməsinə imkan verəcək”, – deyə deputat qeyd edib.
P.Vəliyeva xüsusilə ana və uşaq sağlamlığı istiqamətində nəzərdə tutulan dəyişikliklərin əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, bu sahə səhiyyə sisteminin ən həssas və strateji istiqamətlərindən biridir.
“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara xüsusi diqqət və qayğısının şahidiyik. Bu baxımdan regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının və neonatoloqların əməkhaqqının artırılması mühüm stimuldur. Bu addım həmin sahələrdə kadr potensialının gücləndirilməsinə ciddi töhfə verə bilər. Xüsusilə regionlarda ana və uşaq sağlamlığı xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün peşəkar kadrların cəlb olunması böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu istiqamətdə atılan addımlar gələcəkdə daha əlçatan və keyfiyyətli tibbi xidmətin formalaşmasına imkan verəcək”, – deyə P.Vəliyeva vurğulayıb.
Deputat əməkhaqqı artımının səhiyyə sektorunda kadr çatışmazlığının aradan qaldırılması baxımından da əhəmiyyətli olduğunu söyləyib. Onun sözlərinə görə, xüsusilə regionlarda tibb işçilərinin fəaliyyətə cəlb olunması üçün daha əlverişli və rəqabətqabiliyyətli şəraitin yaradılması vacibdir.
“İlkin səhiyyə xidməti üzrə aparılmış araşdırmalar əlavə olaraq təxminən 1 500 tibb işçisinə ehtiyac olduğunu göstərir. Bu baxımdan əməkhaqqının artırılması regionlarda çalışmaq üçün tibb işçiləri qarşısında daha əlverişli imkanlar yarada bilər. Dövlət sektorunda əməkhaqlarının və sosial təminat imkanlarının yaxşılaşdırılması özəl sektorla rəqabətdə dövlət səhiyyəsinin cəlbediciliyini də artıracaq. Nəticədə dövlət sektoru daha bilikli və bacarıqlı kadrları cəlb etmək üçün əlavə imkan əldə edəcək. Bu, eyni zamanda səhiyyə xidmətlərinin regionlar üzrə daha balanslı şəkildə təşkilinə müsbət təsir göstərə bilər”, – deyə deputat bildirib.
P.Vəliyeva əməkhaqlarının artırılmasının gənclərin tibb təhsilinə marağının yüksəlməsinə də təsir edə biləcəyini qeyd edib.
“Belə bir siyasət gənclər üçün həkimlik və digər tibb ixtisaslarını həm sosial, həm də peşəkar baxımdan daha cəlbedici edə bilər. Tibb işçisinin əməyinə verilən dəyərin artması bu peşənin nüfuzunun yüksəlməsinə də xidmət edir. Səhiyyə sisteminin gücü yalnız müasir xəstəxanalar və tibbi avadanlıqlarla deyil, peşəkar, motivasiyalı və sosial baxımdan təminatlı tibb işçiləri ilə ölçülür. Buna görə də insan kapitalının inkişafı səhiyyə islahatlarının əsas istiqamətlərindən biri olmalıdır. Hesab edirəm ki, bugünkü qərar bu baxımdan mühüm və müsbət addımdır”, – deyə P.Vəliyeva əlavə edib.
Deputat islahatın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Ümid edirəm ki, bu islahat davamlı xarakter daşıyacaq və növbəti mərhələlərdə əməkhaqlarının artırılması digər tibb işçisi kateqoriyalarını da əhatə edəcək. Bu, səhiyyə sistemində kadr potensialının daha da gücləndirilməsinə mühüm töhfə verə bilər. Eyni zamanda, tibb işçilərinin dövlət sektorunda çalışmağa marağını artırar. Bu baxımdan bugünkü qərarı həm tibb işçilərinə dövlət qayğısının, həm də Azərbaycanda səhiyyə islahatlarının ardıcıl şəkildə davam etdirilməsinin mühüm göstəricisi hesab edirəm. Bu siyasətin davam etdirilməsi səhiyyənin keyfiyyətinin və dayanıqlılığının daha da yüksəldilməsinə xidmət edəcək”, – deyə deputat Pərvanə Vəliyeva bildirib.










