Vahid məktəbli geyimi hansı fərqləri aradan qaldırır? - Deputat və ekspertdən açıqlama | 1news.az | Xəbərlər
Mövqe

Vahid məktəbli geyimi hansı fərqləri aradan qaldırır? - Deputat və ekspertdən açıqlama

Ayşən Salehli14:04 - Bu gün
Vahid məktəbli geyimi hansı fərqləri aradan qaldırır? - Deputat və ekspertdən açıqlama

İzahlı lüğətdə məktəbə çox sadə, lakin dərin bir tərif verilir: “Yetişməkdə olan nəslə təlim və tərbiyə verən təlim-tərbiyə müəssisəsi”.

Lakin bu müəssisənin sadəcə sinif otaqları və partalardan ibarət olmadığını göstərən, orada keçirdiyimiz illəri həyatımızın ən gözəl və unudulmaz xatirələrinə çevirən əsas amil məktəbdəki bərabərlik və samimiyyət idi. Şairə Kamalə Abıyevanın məşhur “Məktəb illəri” şeirində dediyi kimi:

Geyimimiz, hüququmuz bir idi.

Şagird idi hamımızın adı da.

Elə bil ki, boyumuz da eyniydi.

Aman Allah, nə xoşbəxtdik biz onda...

Bu gün məktəblərdə vahid geyim formasının tətbiqi sadəcə vizuallıqla bağlı deyil, məhz həmin bərabərlik mühiti yaradan inzibati qaydadır. Vahid geyimin əsas qayəsi sosial statusundan və ya maddi vəziyyətindən asılı olmayaraq, hər bir uşağın özünü eyni imkanlara malik, rahat və məktəb kollektivinin ayrılmaz hissəsi kimi hiss etməsini təmin etməkdir. Eyni parta arxasında oturan şagirdlərin diqqətini zahiri fərqliliklərə deyil, dostluğa və biliyə yönəldən bu addım, həm də təhsilin inklüzivlik və neytrallıq prinsiplərini gücləndirir.

Bəs ölkəmizdə vahid məktəbli formasının tətbiqi məktəblərdə bərabərlik, sosial adaptasiya, kollektivə aidlik və bütün şagirdlər üçün neytral, inklüziv mühitin formalaşmasına necə təsir göstərir? Məktəbli forması müəyyən edilərkən şagirdlərin yaş xüsusiyyətləri, rahatlığı, təhlükəsizliyi və təhsil prosesinin tələbləri hansı prinsiplər əsasında nəzərə alınıb? Vahid məktəbli geyimi ilə bağlı tələblərin tətbiqində məktəb-valideyn əməkdaşlığının rolu nədən ibarətdir və bu prosesdə valideynlərin gözləntiləri diqqətdə saxlanılır?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov vahid məktəbli formasının tətbiqi birmənalı olaraq təhsil müəssisələrində səliqəli və bərabərhüquqlu geyim mühitinin formalaşdırılmasına xidmət edir:

“Əsas məqsəd məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşmasıdır.

Məktəb mühitində birmənalı olaraq bərabərlik təmin olunmalıdır. Sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq, hər bir uşaq eyni şərtlərdə təhsil almalı və eyni imkanlara meyl etməlidir”.

Məktəbin dünyəvilik xarakterini vurğulayan C.Məmmədovun sözlərinə görə, Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil məktəbi bütün şagirdlər üçün neytral və inklyuziv mühit olmalıdır. Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət etməli, şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissünün formalaşmasına müsbət təsir göstərməlidir.

Uşaqların eyni parta arxasında olarkən bir-birindən seçilməməsi onların münasibətlərində də norma olunur. Eyni zamanda, şagirdlər arasında sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmaq üçün imkanlar yaradır”.

Geyim standartlarının məktəb-valideyn münasibətlərinə təsirindən danışan deputat əlavə edib ki, geyim kodeksinə əməl olunması məktəb-valideyn əməkdaşlığının güclənməsinə də töhfə verəcək:

“Bu baxımdan vahid məktəbli geyimi təhsil prosesinin keyfiyyətinə də dəstək verən vasitə kimi dəyərləndirilə bilər. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideyn üçün vacibdir. Yəni burada hansısa ayrı-seçkilikdən, hansısa fərqlənmədən söhbət getməz”.

Məsələnin fəlsəfi və sosial tərəflərini izah edən Ceyhun Məmmədov qeyd edib ki, məktəbli geyimi məsələsi yalnız geyim üslubu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir:

“Bu bir fəlsəfədir, bu bir adaptasiya məsələsi və prosesidir. Ona görə hər birimiz bu məsələni mütləq şəkildə nəzərə almalıyıq.

Məktəbli forması tədris prosesinin yaş xüsusiyyətlərinə uyğun, rahat və praktiki istifadə prinsiplərini əsasən müəyyən edir. Bir sözlə, deyə bilərik ki, vahid məktəbli formasının əsas hədəf və məqsədi məktəbə aidliyi gücləndirmək, məktəbdə bərabər mühit yaratmaq və eyni zamanda məktəbdə ümumi prinsiplərə və təhsil mühitinə uyğun şəraitin yaradılmasıdır. Təhsil müəssisəsində fərqlilik və etik çərçivələrə uyğun olmayan geyimin geyinilməsi yolverilməzdir və bu, təhsil mühitinə ciddi mənfi təsir gösterən bir məsələ kimi qiymətləndirilməlidir”.

Elm və təhsil məsələləri üzrə ekspert Elmin Nuri isə qeyd edib ki, beynəlxalq standartlarda vahid məktəbli formaları ilə bağlı məsələlər, onların müzakirəsi artıq tarixə qovuşmuş məsələlərdir.

“Çünki vahid geyim forması artıq məktəblərin tam surətdə ayrılmaz tərkib hissəsinə çevrilib.  Çünki bu komponent şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir, şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir.

Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır, eyni zamanda şagirdlər arasında sosial-iqtisadi fərqlərin  qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır.

Geyim kodeksinə riayət olunması məktəb-valideyn əməkdaşlığının güclənməsinə töhfə verir. Bu baxımdan vahid məktəbli geyimi təhsil prosesinin keyfiyyətinə dəstək verən vasitə kimi dəyərləndirilir”.

Eskpert məktəbli formasının müəyyən edilərkən şagirdlərin yaş xüsusiyyətləri, rahatlığı və təhsil prosesinin tələblərinin nəzərə alınmasından da bəhs edib. O bildirib ki, məktəbli geyiminin ən böyük özəlliyi və onu təhsil fəlsəfəsi kodeksinə qaldıran əsas leymotivi də  budur: şagird geyimi yaş xüsusiyyəti, xarakter və kimlik, sosial disbalans arasındakı fərqləri sıfıra endirir.

“O hər bir şagirdi məktəbin ayrılmaz tərkib hissəsinə çevirir, onları intellektual fazada eyniləşdirir.  Şagird özünü vahid dəyərlər sistemində hiss edir.  Rahatlıq aspektini soruşursunuz?-Elə bunun özü sizcə ən böyük rahatlıq deyilmi?! Məncə, bir yeniyetmənin özünü psixoloji olaraq sabit saxlaması, kimdənsə asılı surətdə hiss etməməsi elə rahatlığın ən böyük göstəricisidir”.

Məktəbli forması ilə bağlı məktəb-valideyn əməkdaşlığı məsələsinə də toxunan E.Nuri təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət etməyin bütün şagird və valideynlər üçün vacibliyini vurğulayıb.

“Məktəbli geyimi məsələsi yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir. Məktəbli forması tədris prosesinə, yaş xüsusiyyətlərinə uyğun, rahat və praktik istifadə prinsipləri əsasında müəyyən edilir.

 Düşünürəm ki, sırf bu məsələ ilə bağlı məktəblə valideyn  arasında hər hansı ciddi problem yaransın. Doğrudur, sosial şəbəkələrdə məsələyə birmənalı münasibət sərgilənmir, amma reallığın o biri üzü də geyim formasının məktəblərimiz üçün heç zaman ciddi problem yarada bilməyəcəyidir”.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər