Azərbaycanda həkimlər 3 yaşlı uşağın qopmuş əlini 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa etdilər – FOTO
Ət maşınında sol yuxarı ətrafının sıxılması nəticəsində ağır travmatik amputasiya yaranan 3 yaşlı oğlan uşağı hadisədən təxminən 7 saat sonra Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına gətirilib.
1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub.
Xəstənin klinik vəziyyəti qiymətləndirildikdən sonra təcili şəkildə əməliyyata hazırlanıb və yüksək ixtisaslı mikrocərrahi komanda tərəfindən kompleks rekonstruktiv əməliyyat həyata keçirilib.
Əməliyyatda Dilqəm Məmmədov, Bəxtiyar Qasımov, Abidin Həsənli, anestezioloqlar Mail Sədiyev və Dayaq Əhmədli iştirak ediblər.
Əməliyyatın ilkin mərhələsində bilək və əl daraqlarının sümük strukturlarının anatomik vəziyyətdə reduksiyası və daxili fiksasiyası təmin olunub.
Daha sonra əlin bütün fleksor tendon sistemi, radial və ulnar arteriyalar, median və ulnar sinirlər, ekstensor tendon sistemi, eləcə də müvafiq digital arteriya və sinir strukturları mikrocərrahi üsullarla bərpa edilib.
Təxminən 8 saat davam edən əməliyyat zamanı bütün rekonstruktiv mərhələlər uğurla tamamlanıb.
Əməliyyatdan sonra xəstə 24 saat ərzində reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb. Hemodinamik və lokal vəziyyətinin stabil olması nəzərə alınaraq, postoperativ dövrün 2-ci günündə palataya köçürülüb.
Hazırda xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. Rekonstruksiya olunmuş sol yuxarı ətrafın klinik vəziyyətində müsbət dinamika müşahidə olunur. Ətrafın sağ qalması baxımından kritik postoperativ mərhələ uğurla keçilib.
Uşaq uzunmüddətli funksional bərpanın əsas komponentlərindən biri olan mərhələli reabilitasiya proqramına cəlb edilib.
Qeyd olunub ki, bu klinik hadisə uşaqlarda ağır mexaniki əl travmaları zamanı erkən və düzgün qiymətləndirmənin, vaxtında cərrahi müdaxilənin, sümük, damar, sinir və tendon strukturlarının kompleks şəkildə rekonstruksiyasının, eləcə də multidissiplinar postoperativ reabilitasiyanın əhəmiyyətini bir daha nümayiş etdirir.
Uğurla yekunlaşan əməliyyat Səhiyyə Nazirliyinin Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının yüksək texnologiyalı mikrocərrahi imkanlarını və həkim komandasının peşəkarlığını göstərən nümunəvi təcrübə kimi qiymətləndirilir.





















