Anar Əliyev: Azərbaycanda 1700 peşə və kvalifikasiya standartı hazırlanıb
“Hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə 1700 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin və digər maraqlı tərəflərin istifadəsinə verilmişdir”.
1news.az xəbər verir ki, bunu 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” panelində Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında deyib.
Nazir bildirib ki, əmək bazarının müasir çağırışlarına cavab olaraq dövlət məşğulluq siyasəti əhəmiyyətli islahat dövrü keçib.
Onun sözlərinə görə, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunların qəbul edilməsi aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılmasına, əmək bazarı institutlarının təkmilləşdirilməsinə və məşğulluq xidmətlərinin yeni modelinin tətbiqinə imkan yaradıb.
“2026-cı il 20 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Məşğulluq Strategiyasının 2026–2030-cu illəri əhatə edən növbəti Tədbirlər Planında əmək bazarında tələb və təklif arasında uyğunluğun təmin edilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi istiqamətində tədbirlərə xüsusi yer ayrılmışdır”, - A.Əliyev deyib.
O bildirib ki, çevik iş vaxtı rejimi modellərinin yaradılması, məşğulluq xidmətlərinə əlçatanlığın artırılması, layiqli əməyin dəstəklənməsi və əmək məhsuldarlığının yüksəldilməsi də əsas istiqamətlərdəndir.
Nazir qeyd edib ki, insan kapitalının inkişafına insanın bütün əmək fəaliyyəti boyunca davam edən fasiləsiz inkişaf prosesi kimi yanaşılır.
“Bu yanaşmanın mühüm elementlərindən biri ömürboyu öyrənmə prinsipidir. Bu məqsədlə əmək bazarının tələblərinə uyğun peşə və kvalifikasiya standartlarının hazırlanması və mütəmadi təkmilləşdirilməsi, əmək bazarının izlənilməsi, peşəyönümü xidmətlərinin gücləndirilməsi və işəgötürənlərin kadr hazırlığı prosesinə daha fəal cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır”, - deyə A.Əliyev vurğulayıb.
O əlavə edib ki, işsiz və işaxtaran şəxslər üçün 175 peşə üzrə təlimlər təşkil olunur və bu sahədə 180-ə yaxın dövlət və özəl təhsil və təlim müəssisəsi ilə əməkdaşlıq edilir.












