Həsən Həsənli: Azərbaycanda oxu, riyaziyyat və elm üzrə nəticələr yüksəlib
“2013-cü ildən başlanan işlərin nəticəsi olaraq göstərildi ki, biz oxu, riyaziyyat və elm üzrə nəticələrimizi ən çox artan ölkələrdən biri olmuşuq”.
1news.az xəbər verir ki, bunu 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” panelində elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.
O bildirib ki, Azərbaycan 2013-cü ildən etibarən Prezidentin təsdiqi ilə təhsilin inkişafı strategiyasını həyata keçirir.
“Qlobal miqyasda təhsil sahəsində yanaşmalara baxdıqda, biz ardıcıl olaraq bir neçə əsas göstərici üzrə işləmişik. Məsələn, bütün ölkələrin iştirak etdiyi PISA qiymətləndirilməsində 81 ölkə hər dörd ildən bir iştirak edir”, - H.Həsənli qeyd edib.
Nazir müavininin sözlərinə görə, aparılan islahatlar nəticəsində bəzi sahələrdə qiymətləndirmə tarixində qeydə alınan ən yüksək artımlardan birinə nail olunub.
“Bəzi sahələrdə qiymətləndirmə tarixində qeydə alınan ən yüksək artımlardan birinə nail olduq. Məsələn, Bakı şəhərində uşaqların təxminən 10 faizi məktəb illərində inkişaf etmiş iqtisadiyyatların səviyyəsinə uyğun nəticələr göstərir”, - deyə o bildirib.
H.Həsənli qeyd edib ki, təhsildə əldə olunan nəticələrlə kifayətlənmək olmaz və əsas məqsəd gələcək nəsillər üçün möhkəm təməl yaratmaqdır.
“Biz bununla kifayətlənmirik, sadəcə olaraq gələcəkdə uşaqların məktəbəqədər təhsilə cəlb olunmasını, oxumaq, öyrənmək, riyaziyyat, anlama və elm sahələrində düzgün təməl almasını təmin etməyə çalışırıq”, - nazir müavini deyib.
Onun sözlərinə görə, uşaqların erkən yaşlardan düzgün bilik və bacarıqlara yiyələnməsi gələcək əmək bazarında qarşılaşacaqları çağırışlara daha yaxşı hazırlaşmalarına imkan verəcək.
“Əgər onlar lazımi yumşaq bacarıqlara yiyələnsələr, gələcəkdə qarşılaşacaqları istənilən çağırışa hazır olacaqlar”, - H.Həsənli əlavə edib.












