Nazir: Azərbaycanda sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Azərbaycanda sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artıb

Qafar Ağayev12:34 - Bu gün
Nazir: Azərbaycanda sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artıb

“2018–2026-cı illər ərzində 5 böyük sosial islahat paketi həyata keçirilmişdir. Bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə etmişdir”.

1news.az xəbər verir ki, bunu 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” panelində Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında deyib.

Nazir bildirib ki, Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi güclü sosial dövlət konsepsiyasının əsasını təşkil edir.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb.

“Sosial müavinət və təqaüd ödənişlərinin həcmi 5 dəfə artaraq 2,1 milyard manata çatmışdır. Həmin dövrdə işlə təmin olunanların sayı 3,6 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayı 2,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 7,1 dəfə, işsizlikdən sığorta ödənişləri ilə əhatə olunanların sayı isə 4,3 dəfə artmışdır”, - A.Əliyev deyib.

Nazir qeyd edib ki, eyni dövrdə əmək müqavilələrinin sayı 44,6 faiz artaraq 1,86 milyona çatıb, əməkhaqqı fondu isə 3,4 dəfə artıb.

“Bu göstəricilər ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək bazarının şəffaflığının artırılması istiqamətində həyata keçirilən ardıcıl siyasətin nəticələrini də əks etdirir”, - deyə o əlavə edib.

A.Əliyev sosial müdafiə və məşğulluq sahəsində rəqəmsal transformasiyanın da uğurla həyata keçirildiyini bildirib.

“Hazırda nazirlik tərəfindən göstərilən 152 xidmətin 90 faizi elektronlaşdırılmış, o cümlədən 55 proaktiv xidmət istifadəyə verilmişdir. Elektron sistemlərimizin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir”, - nazir bildirib.

Onun sözlərinə görə, Əmək və Məşğulluq alt sistemi üzərindən əmək müqavilələrinin 97 faizi elektron qaydada bağlanıb.

Qafar Ağayev 

 

 

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər