NİİM-dən yeni tədris ili öncəsi sürücülərə mühüm ÇAĞIRIŞ | 1news.az | Xəbərlər
Cəmiyyət

NİİM-dən yeni tədris ili öncəsi sürücülərə mühüm ÇAĞIRIŞ

Qafar Ağayev10:20 - Bu gün
NİİM-dən yeni tədris ili öncəsi sürücülərə mühüm ÇAĞIRIŞ

Yeni tədris ilinin başlaması ilə əlaqədar paytaxt yollarında, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artması gözlənilir.

1news.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yeni tədris ili ilə bağlı sürücülərə müraciətində bildirilib.

Qeyd olunub ki, müşahidələr göstərir ki, övladlarını təhsil müəssisələrinə avtomobillə gətirən bəzi valideynlər və özü sürücü olan tələbələr əksər hallarda yol hərəkəti qaydalarına əməl etmirlər. Bu səbəbdən təhsil müəssisələrinin yaxınlığında olan yollarda, eləcə də həmin yollara bitişik digər küçə və prospektlərdə süni nəqliyyat sıxlığı yaranır. Belə hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yollarda əlavə vaxt itirməsinə səbəb olur.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi valideynlərə və tələbələrə müraciət edərək, xüsusilə təhsil müəssisələrinin ətrafında yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.

Onlardan xahiş olunur ki, nəqliyyat vasitələrini dayanma və durmanın qadağan edildiyi yerlərdə, yolun hərəkət hissəsinin ikinci cərgəsində, ictimai nəqliyyatın dayanacaq məntəqələrində və digər hərəkət iştirakçılarına maneə yaradacaq şəkildə saxlamasınlar.

Avtomobillərin mümkün qədər yerüstü və yeraltı dayanacaqlarda, eləcə də müəyyən edilmiş parklanma yerlərində saxlanılması tövsiyə olunur.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol polisi əməkdaşları ilə birgə paytaxtda yerləşən təhsil müəssisələrinin qarşısındakı, eləcə də digər küçə və prospektlərdəki yolları nəzarətdə saxlayacaq.

Süni nəqliyyat sıxlığının yaranmasına səbəb olan hallar müşahidə edildikdə, onların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunacaq.

Eyni zamanda, nəqliyyat axınının fasiləsizliyini təmin etmək məqsədilə müxtəlif istiqamətlər üzrə svetoforlarda “yaşıl dalğa” rejimi tətbiq ediləcək.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər