Media və Yayım Şurasından Türkiyə mediasındakı Azərbaycan əleyhinə paylaşımlarla bağlı BƏYANAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Media və Yayım Şurasından Türkiyə mediasındakı Azərbaycan əleyhinə paylaşımlarla bağlı BƏYANAT

Qafar Ağayev15:46 - Bu gün
Media və Yayım Şurasından Türkiyə mediasındakı Azərbaycan əleyhinə paylaşımlarla bağlı BƏYANAT

Azərbaycan Respublikası Media və Yayım Şurası Türkiyənin media məkanında Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirən paylaşımlarla bağlı Bəyanat yayıb.

1news.az xəbər verir ki, Bəyanatda son günlər Türkiyənin media məkanında, xüsusilə sosial şəbəkələrdə əsassız, hüquqi, diplomatik və etik çərçivələrə sığmayan, iki ölkənin qardaşlıq münasibətləri barədə ictimai rəydə mənfi təsəvvür formalaşdırmağa yönəlmiş paylaşımların və qərəzli iddiaların kütləvi hal aldığı bildirilib.

Qeyd olunub ki, iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsi və qarşılıqlı etimad mühiti nəzərə alınmaqla, Azərbaycana qarşı qarayaxma kampaniyalarının müəyyən fasilələrlə davamlı xarakter daşıması, qərəzli iddiaların və dezinformasiyaların rahatlıqla yayılması, buna qarşı isə heç bir tədbir görülməməsi təəssüf doğurur.

Bəyanatda sözügedən paylaşımların ayrı-ayrı şəxslərin təsadüfi təşəbbüsləri deyil, müəyyən əlaqələndirmə və vahid yanaşma əsasında həyata keçirilən, bəlli dairələr tərəfindən idarə olunan məqsədyönlü kampaniyanın tərkib hissəsi olduğu bildirilib.

“Bu kimi hallar hüquqi və etik çərçivələrə sığmamaqla yanaşı, Türkiyə Respublikasının qanunvericiliyinin tələblərinə də ziddir. Hesab edirik ki, digər müvafiq hallarda olduğu kimi, həssas yanaşma və qanunvericiliyin tələblərinin icrası Azərbaycana münasibətdə də özünü göstərməlidir”, - deyə Bəyanatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan tərəfi Türkiyə mediasında və sosial media seqmentində baş verən prosesləri diqqətlə izləyir və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi imkanlarını nəzərdən keçirir.

“Qarayaxma kampaniyasının təşkilatçıları və icraçılarının ölkəmizə girişinin məhdudlaşdırılması imkanının nəzərdən keçirilməsi istisna edilmir”, - Bəyanatda vurğulanıb.

Media və Yayım Şurası iki dövlət və xalq arasında formalaşmış tarixi, siyasi və mənəvi bağlılığa, qarşılıqlı etimada və strateji müttəfiqliyə xələl gətirmək istəyənlərə meydan verilməsini qəbuledilməz hal hesab edib.

Bəyanatda belə cəhdlərin qarşısının alınması istiqamətində əməli addımların atılmasının gözlənildiyi bildirilib.

Paylaş:
223

Son xəbərlər

Bütün xəbərlər