Təbii inhisarlarla bağlı 774 müraciət daxil olub: Ən çox şikayət elektrik enerjisindən edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Təbii inhisarlarla bağlı 774 müraciət daxil olub: Ən çox şikayət elektrik enerjisindən edilib

Qafar Ağayev12:30 - Bu gün
Təbii inhisarlarla bağlı 774 müraciət daxil olub: Ən çox şikayət elektrik enerjisindən edilib

"Cari ilin yanvar-iyul ayları ərzində təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 774 müraciət daxil olub".

1news.az xəbər verir ki, bunu  “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisar sahəsində dövlət nəzarəti” mövzusunda media nümayəndələri üçün keçiriləcək maarifləndirmə tədbirində Agentliyin şöbə müdiri Şəmsi Rzalı deyib.

Onun sözlərinə görə, daxil olan müraciətlərin 221-i təmin edilib. Aparılan araşdırmalar nəticəsində vətəndaşların hüquqlarının bərpası istiqamətində və ya müvafiq qaydada 6 min manat vəsait geri qaytarılıb.

Ş.Rzalı bildirib ki, müraciətlərin sahələr üzrə bölgüsündə ən çox şikayət elektrik enerjisi, qaz təchizatı və içməli su xidmətləri ilə bağlı olub.

Belə ki, hesabat dövründə elektrik enerjisi xidməti ilə bağlı 215, qaz təchizatı xidməti ilə bağlı 156, içməli su xidməti ilə bağlı 110 müraciət daxil olub.

Hava yolu nəqliyyatı xidməti ilə bağlı 61, dəmir yolu nəqliyyatı xidməti ilə bağlı 60, rabitə xidməti ilə bağlı 51, istilik enerjisi xidməti ilə bağlı 48 müraciət qeydə alınıb.

Bundan başqa, kanalizasiya xidməti ilə bağlı 11, poçt xidməti ilə bağlı 6, nəqliyyat xidməti ilə bağlı 4 müraciət daxil olub. Digər sahələr üzrə isə 52 müraciət qeydə alınıb.

Beləliklə, statistikaya əsasən, vətəndaşların təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı müraciətlərində əsas pay elektrik enerjisi, qaz və içməli su xidmətlərinin üzərinə düşüb.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər