Elektron pul köçürmələrində yeni hədd 50 min manat müəyyən edildi - Yeni QƏRAR - YENİLƏNİB
Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib.
1news.az xəbər verir ki, bu barədə APA-ya istinadən xəbər verir.
Yeni qərara əsasən, maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməli olduqları elektron köçürmələr üzrə əvvəl nəzərdə tutulan bir təqvim ili üzrə 20 min manatlıq kumulyativ hədd ləğv edilib.
Bundan sonra bir elektron köçürmənin məbləği 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bundan yuxarı olduqda həmin əməliyyat barədə MMX-yə məlumat təqdim ediləcək.
Eyni zamanda, fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxslərin bir təqvim ayı ərzində həyata keçirdiyi elektron köçürmələrin ümumi məbləği 50 min manatı keçdikdən sonra həmin ay ərzində aparılan hər növbəti elektron köçürmə də MMX-yə təqdim olunacaq.
Beləliklə, əvvəlki redaksiyada nəzərdə tutulan illik 20 min manatlıq mexanizm aylıq 50 min manatlıq hədlə əvəzlənib. Bununla yanaşı, bir əməliyyat üzrə 20 min manat və daha yüksək məbləğdə elektron köçürmələr ayrıca hesabat predmeti olaraq qalır.
Qərarla qaydaların qüvvəyə minmə tarixi də dəyişdirilib. Əvvəl 1 oktyabr 2026-cı ildən tətbiqi nəzərdə tutulan dəyişikliklər 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.
Xatırladaq ki, əvvəlki qaydaya əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra hər növbəti elektron köçürmə üzrə məlumatların MMX-yə təqdim edilməsi nəzərdə tutulurdu. Sözügedən mexanizm ictimaiyyətdə müzakirələrə səbəb olmuşdu.
***
14:44
"Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası"nın, maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları nağd şəkildə həyata keçirilən əməliyyatların və maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin minimum həddinin, habelə əməliyyatları icra etmədən məlumat və sənədlər təqdim etməli olduqları əməliyyatların məbləğinin minimum həddinin təsdiq edilməsi barədə" qərarda dəyişiklik barədə qərar sabahdan qüvvəyə minir.
1news.az xəbər verir ki, Xidmətin İdarə Heyətinin sədri Zaur Fətizadənin imzaladığı qərara əsasən, maliyyə institutlarının quruma məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi 20 000 manat və yaxud ona ekvivalent xarici valyuta məbləği müəyyən edilr və müştərinin hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatına münasibətdə tətbiq edilir.
Öhdəlik daşıyan şəxslər indiyə qədər müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatları Xidmətə 2027-ci il 31 dekabr tarixinə qədər təqdim etməlidir.












