Bürhanəddin Duran: Türk dünyasının gələcəyi ortaq baxışdan asılıdır
“Türk dövlətləri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi gələcəyə dair ortaq baxışın formalaşmasında mühüm rol oynayır”.
1news.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan “Türk dünyası dialoqları: ortaq gələcək, ortaq vizyon” adlı paneldə videomüraciəti zamanı deyib.
O qeyd edib ki, bu gün dünyada çoxsaylı təhdidlər mövcuddur və belə bir şəraitdə Türk dövlətlərinin birgə addımlar atması zəruridir. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı (TDT) bu baxımdan mühüm əhəmiyyət daşıyır.
B.Duran dezinformasiya və digər təhdid xarakterli məsələlərlə mübarizə aparmaq üçün media və kommunikasiya sahəsində Türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin bu il Türkiyədə keçiriləcək TDT Zirvə Görüşünə toxunaraq onun əhəmiyyətini qeyd edib.
“Biz regional və beynəlxalq münaqişələrdə faydalı olmağa, həmin problemlərin həllinə töhfə verməyə çalışmaqda davam edəcəyik”, - deyə B.Duran bildirib.












