AİB-in Azərbaycandakı fəaliyyətinin yeni istiqamətləri müzakirə olunub
Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb.
1news.az xəbər verir ki, görüşdə Azərbaycandakı makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar və maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
Tərəflər Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına AİB-in dəstək imkanlarını nəzərdən keçiriblər.
Görüşdə, həmçinin yaşıl maliyyənin və kapital bazarlarının inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, AİB-in Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının əsas istiqamətləri, Mərkəzi Bank ilə AİB arasında əməkdaşlığın inkişaf perspektivləri və gələcək texniki yardım layihələri müzakirə edilib.














