Səadət Yusifova: Xudavəng və Gəncəsərdə qəbirlərdən sümüklərin çıxarılması halları qeydə alınıb
“İşğaldan azad olunmuş ərazilərdə dini-mədəni irsə vurulmuş ziyan, abidələrdən mədəni sərvətlərin çıxarılması, eləcə də atributsiya və restitusiya məsələləri ilə bağlı İnterpol və UNESCO çərçivəsində bir sıra işlər görülür”.
1news.az xəbər verir ki, bunu “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.
O bildirib ki, işğal dövründə tarixi və dini abidələrə edilən qanunsuz müdaxilələr beynəlxalq hüquq çərçivəsində bir sıra məsələlərin gündəmə gətirilməsini zəruri edib.
“Bu isə bir sıra beynəlxalq hüquq məsələlərinə aydınlıq gətirilməsini, atributsiya və restitusiya məsələlərinin qaldırılmasını zəruri edir. Bu istiqamətdə İnterpol və UNESCO çərçivəsində bir sıra işlər artıq görülür”.
S.Yusifovanın sözlərinə görə, aparılan təhlillər nəticəsində işğaldan azad edilmiş ərazilərdə 68 abidənin tamamilə dağıdıldığı, 114 abidənin isə müxtəlif həcmdə və miqyasda dağıntıya məruz qaldığı müəyyən edilib.
Nazir müavini qeyd edib ki, digər abidələrə də müxtəlif səviyyələrdə ziyan vurulub, onların özünküləşdirilməsi və vandalizmə məruz qalması ilə bağlı faktlar qeydə alınıb.
O diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan 130 abidənin inventarlaşdırılması hələ başa çatmayıb. S.Yusifova bunun əsas səbəbinin həmin ərazilərin minalarla çirkləndirilməsi olduğunu bildirib.
Nazir müavini inventarlaşdırma zamanı dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscidin tamamilə dağıdıldığının, 25 məscid, 14 türbə və 2 sərdabənin isə müxtəlif miqyasda dağıntıya məruz qaldığının müəyyənləşdirildiyini deyib.
S.Yusifova xristian dini irsinə də ciddi ziyan dəydiyini bildirib.
“İşğaldan azad olunmuş ərazilərdə bir məbəd tamamilə dağıdılıb, 20 məbəd isə müxtəlif miqyasda dağıntıya məruz qalıb”.
Nazir müavini Xudavəng monastırında işğal dövründə qanunsuz müdaxilələrin həyata keçirildiyini və saxta bərpa işlərinin aparıldığını da diqqətə çatdırıb.
O bildirib ki, monastırdakı freskalar və xaçdaşlar sökülərək ərazidən çıxarılıb. Bundan başqa, Xudavəng və Gəncəsər komplekslərinin ərazisindəki qəbirlərdən sümüklərin çıxarılması halları da qeydə alınıb.
S.Yusifova qeyd edib ki, ötən il işğaldan azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə, 4 monastır və 13 məbəd dövlət qeydiyyatına alınıb.
Nazir müavini ölkə ərazisində tarixi-dini abidələrin dövlət mühafizəsinə götürülməsi prosesinin də davam etdirildiyini bildirib.
“2001-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi 132 nömrəli qərarla ölkə ərazisində 423 məscid, 213 türbə, 163 qəbiristanlıq, 222 kilsə və məbəd dövlət mühafizəsinə götürülüb. Bu proses hazırda da davam etdirilir”.
S.Yusifova işğaldan azad edilmiş ərazilərdə tarixi və dini irsin inventarlaşdırılması istiqamətində görülən işlərdən də danışıb.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrs Xidməti tərəfindən 2020-ci il noyabrın 13-dən etibarən 196-sı Şuşa şəhərində olmaqla, ümumilikdə 575 abidədə inventarlaşdırma işləri aparılıb.
Nazir müavini vurğulayıb ki, inventarlaşdırma yalnız abidələrin mövcud vəziyyətinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır.
“İnventarlaşdırma çərçivəsində sahə tədqiqatları həyata keçirilir və abidələrin elektron xəritələri hazırlanır”.












