Adil Kərimli: Multikultural dəyərlər Azərbaycanın tarixi və ictimai həyatının ayrılmaz hissəsidir
“Azərbaycanda multikultural dəyərlər və tolerantlıq mühiti tarixən formalaşıb və bu ənənələr Azərbaycan dövlətinin və cəmiyyətinin həyat tərzinə çevrilib”.
1news.az xəbər verir ki, bunu “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda çıxış edən mədəniyyət naziri Adil Kərimli deyib.
O bildirib ki, tarixi-dini abidələr ölkədə zəngin ənənələrə malik tolerantlıq mühitinin ifadəsidir:
“Qədim dövlətçiliyimizin mahiyyətindən irəli gələn bu ənənələr Azərbaycan dövlətinin və bütövlükdə cəmiyyətimizin həyat tərzinə və dövlət siyasətinə çevrilib. Möhtərəm cənab Prezidentin ifadə etdiyi kimi, bu bizim həyat tərzimiz və dövlət siyasətimizdir”.
Nazir qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda multikultural dəyərlərin qorunmasına və tolerantlıq mühitinin inkişaf etdirilməsinə xüsusi həssaslıqla yanaşıb:
“Ümummilli lider Heydər Əliyevin Azərbaycanda multikultural dəyərlərin qorunmasına, tolerantlıq mühitinin formalaşdırılmasına və onun daha da inkişaf etdirilməsinə istiqamətlənmiş çoxşaxəli fəaliyyəti olub. Bu gün də dövlətimiz tərəfindən bu istiqamətdə həm dövlət siyasəti, həm də cəmiyyətin həyat tərzi baxımından yeni yanaşmalar və modellər müəyyən olunur”.
A.Kərimli vurğulayıb ki, Azərbaycan multikultural dəyərlərin təqdim edilməsində özünəməxsus model formalaşdırıb:
“Azərbaycan multikultural dəyərlərin təqdim edilməsində özünəməxsus bir model formalaşdırıb. Bu model artıq dünyada bir nümunə kimi istifadə olunur və biz bununla fəxr etməliyik”.












