Adil Kərimli: Tarixi-dini abidələrin qorunması ilə bağlı çağırışlar geniş müzakirə olunmalıdır
“Tarixi-dini abidələrin qorunması istiqamətində geniş müzakirəyə ehtiyac var”.
1news.az xəbər verir ki, bunu “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda çıxış edən mədəniyyət naziri Adil Kərimli deyib.
O bildirib ki, tarixi-dini abidələrin qorunması özünəməxsus xüsusiyyətlərə malikdir və bu məsələ müxtəlif istiqamətlər üzrə müzakirə edilməlidir:
“Təbii ki, mədəni irsin qorunmasının əsas vacib istiqamətlərindən biri kimi tarixi-dini abidələrimiz özünəməxsus xüsusiyyətlərə malikdir. Burada qorunma məsələlərinin panellərdə daha geniş və ətraflı müzakirə olunacağına əminəm. Çünki geniş müzakirəyə ehtiyac var”.
Nazir qeyd edib ki, konfransda dini icmaların nümayəndələri, vətəndaş cəmiyyəti institutları, alimlər və dövlət qurumlarının təmsilçiləri iştirak edir:
“Burada həm dini abidələrdən istifadə edən icma nümayəndələri, həm vətəndaş cəmiyyəti institutları, həm alimlərimiz, həm də dövlət qurumlarının müvafiq nümayəndələri birlikdə iştirak edirlər. Çox maraqlı suallar var. Düşünürəm ki, qarşılıqlı şəkildə həmin sualların cavabı məhz bu müzakirələr əsnasında öz həllini və aydınlığını tapacaq”.
A.Kərimli bildirib ki, həm qlobal, həm də milli səviyyədə tarixi-mədəni irsin qorunması istiqamətində çoxşaxəli çağırışlar mövcuddur:
“Dünyada, ümumiyyətlə, həm qlobal, həm də milli səviyyədə tarixi-mədəni irsin qorunması istiqamətində çoxşaxəli çağırışlar mövcuddur. Bu çağırışların daha ətraflı müzakirəsi bu gün davam edəcək. Ölkəmizdə xüsusilə tarixi-dini abidələrin qorunması, qorunma mexanizmləri, bərpa və konservasiya işləri ilə bağlı çoxşaxəli elmi fəaliyyət də həyata keçirilir”.












