Fazil Mustafa: Bərpa olunan tarixi-dini abidələr Azərbaycanın tanıdılmasına xidmət etməlidir
“Tarixi-dini abidələrin bərpası yalnız onların daşlarının və ya əvvəlki görünüşünün yenidən qurulması deyil, ilk növbədə tarixi yaddaşın bərpasıdır”.
1news.az xəbər verir ki, bunu “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
O bildirib ki, tarixi-dini abidələrin bərpası ilə yanaşı, onların yeni mahiyyət qazanması da vacibdir.
“Bu abidələrə ilk növbədə turistik mahiyyət vermək lazımdır. Çünki biz bu abidələri bərpa etməklə yalnız Azərbaycan cəmiyyətinə və onun dəyərlərinə hörmətimizi ifadə etmirik. Eyni zamanda, başqalarının Azərbaycanı tanımasına, ölkəmizə turistik məkan kimi məhz bu abidələr üzərindən yanaşmasına imkan yaradırıq. Bu, olduqca vacibdir”.
F.Mustafa qeyd edib ki, tarixi-dini abidələrin qorunması məsələsində Azərbaycan dövlətinin iki xarakterik yanaşması xüsusi əhəmiyyət daşıyır.
“Bizim üçün tarixi abidənin hansı dinə mənsub olmasının artıq hər hansı bir əhəmiyyəti yoxdur. Biz bütün tarixi abidələri onların hansı dinə aid olmasına fikir vermədən bərpa edirik. Qarabağ işğaldan azad ediləndə də bunu etdik. Kilsəni də, sinaqoqu da, məscidi də eyni parametrlərlə, eyni insani yanaşma, tolerant və multikulturalist anlayışla bərpa etdik”.
Komitə sədri vurğulayıb ki, bu yanaşma Azərbaycanın dövlət olaraq önə çəkdiyi prinsipləri nümayiş etdirir.
“İkinci yanaşmamız isə tarixi-dini abidələrə yalnız məkan prizmasından yanaşmamaqdır. Biz bu məsələni yalnız Azərbaycan ərazisində həll etmirik. Avropa məkanında da, Heydər Əliyev Fondu və digər dövlət qurumları vasitəsilə Vatikanda, Fransada tarixi-dini abidələrin bərpasına öz töhfəmizi veririk”.
F.Mustafa Qərbi Azərbaycandakı tarixi-dini abidələrin bərpası məsələsinə də toxunub.
“Qərbi Azərbaycanla bağlı müzakirələrdə əgər bu gün-sabah hansısa imkan yaradılsa, indiki Ermənistan ərazisində olan tarixi-dini abidələrin də bərpası istiqamətində Azərbaycan öz təşəbbüslərini istənilən vaxt irəli sürməyə hazırdır. Biz oradakı məscidlərin və digər tarixi-dini abidələrin bərpasını, onların yenidən insanlara qazandırılmasını təmin etməyə çalışacağıq”.
Komitə sədri qeyd edib ki, bu cür tədbirlərdə səsləndirilən fikirlər qanunvericilik bazasının təkmilləşdirilməsinə də mühüm töhfə verə bilər.
“Burada səslənən fikirlər qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinə, mövcud tələblərin daha dolğun qarşılanmasına kömək edəcək. Mən hörmətli mədəniyyət nazirimizin çağırışına qoşuluram ki, fikirlər burada səslənsin, yazılı formada bütün qurumlara çatdırılsın. Hansı istiqamətdə yeni maddələrin, yeni yanaşmaların və əlavə düzəlişlərin olması vacibdirsə, biz də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi olaraq bu məsələləri müzakirəyə çıxaraq, aidiyyəti qurumlarla birlikdə qanunvericilik təşəbbüslərinin hazırlanması istiqamətində öz töhfəmizi verməyə çalışaq”.
F.Mustafa bildirib ki, tarixi-dini abidələrin qorunması ilə bağlı cəmiyyətdə aparılan müzakirələr qanunvericilik bazasının gücləndirilməsi baxımından da faydalıdır.












