Ramin Məmmədov: Tarixi-dini irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Məmmədov: Tarixi-dini irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir

Qafar Ağayev10:46 - Bu gün
Ramin Məmmədov: Tarixi-dini irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir

“Biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaqlar”.

1news.az xəbər verir ki, bunu “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransın açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dini irsin qorunması ilə bağlı səsləndirdiyi bu fikir yalnız ifadə olunduğu dövr üçün müəyyən edilmiş vəzifəni deyil, eyni zamanda tarixi və dini irsimizə münasibətin mühüm fəlsəfəsini ifadə edir:

“Dini abidələrin bərpası keçmişə ehtiramın, milli yaddaşa bağlılığın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir. Çünki hər bir məscid, ziyarətgah, türbə və digər tarixi-dini abidə yalnız daşdan və memarlıq elementlərindən ibarət deyil. Bu abidələr xalqın keçdiyi tarixi yolun, dini dünyagörüşünün, adət-ənənələrinin və milli yaddaşının mühüm daşıyıcısıdır”.

R.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, Azərbaycanda mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

“Tarixi və mədəniyyət abidələrinin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, onların bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər bu siyasətin ardıcıl, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir”, - deyə komitə sədri bildirib.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər