“İşğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin bərpası mənəvi yaddaşımızın yenidən canlandırılmasıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

“İşğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin bərpası mənəvi yaddaşımızın yenidən canlandırılmasıdır”

Qafar Ağayev10:52 - Bu gün
“İşğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin bərpası mənəvi yaddaşımızın yenidən canlandırılmasıdır”

“Azərbaycanda tarixi-dini abidələrin bərpası istiqamətində görülən işlər ölkənin bütün coğrafiyasını əhatə edir”.

1news.az xəbər verir ki, bunu “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransın açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

O bildirib ki, dövlət başçısının sərəncamları ilə ötən il Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahının və Əmircan qəsəbəsindəki İmam məscidinin, bu il isə Gəncə şəhərindəki Şah Abbas Cümə məscidinin təmir-bərpa işləri üçün vəsait ayrılıb:

“Artıq Pir Həsən ziyarətgahında işlər başa çatdırılıb, İmam məscidində bərpa işləri yekun mərhələyə keçib, Şah Abbas məscidində isə təmir-bərpa işlərinə başlanılıb”.

R.Məmmədov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin mühüm istiqamətlərindən biri də tarixi və dini abidələrin bərpasıdır.

“Burada məqsəd yalnız dağıdılmış tikililəri yenidən qurmaq deyil. İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır”, - deyə o qeyd edib.

Komitə sədri bu istiqamətdə Heydər Əliyev Fondunun layihələrinin xüsusi yer tutduğunu da bildirib:

“Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində mədəni və dini abidələrin bərpasına yönəlmiş çoxsaylı layihələr həyata keçirilib”.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər