Elçin Əhmədov: 2023-cü ilin sentyabr hadisələri Cənubi Qafqazda yeni reallıqlar yaratdı - ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

Elçin Əhmədov: 2023-cü ilin sentyabr hadisələri Cənubi Qafqazda yeni reallıqlar yaratdı - ŞƏRH

Qafar Ağayev16:27 - Bu gün
Elçin Əhmədov: 2023-cü ilin sentyabr hadisələri Cənubi Qafqazda yeni reallıqlar yaratdı - ŞƏRH

“2023-cü il sentyabrın 19-20-də Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi”.

Bunu 1news.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

O bildirib ki, bu hadisə Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olması üçün əsaslı zəmin yaradıb.

“2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələnin başlanğıcını qoydu. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz silahlı dəstələr tərk-silah edilərək ərazilərimizdən çıxarıldı. Nəticədə, Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi təmin edildi. Bu hadisə həm də regionda uzunmüddətli sülh və təhlükəsizlik üçün yeni reallıqlar yaratdı”.

Elçin Əhmədov

Elçin Əhmədov qeyd edib ki, 2023-cü il oktyabrın 15-i Azərbaycanın müasir tarixinin daha bir şərəfli səhifəsi kimi yadda qalıb.

“2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsinin rəmzinə çevrildi. Xüsusilə Xankəndidə Dövlət Bayrağının ucaldılması Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində mühüm hadisə idi. Prezident İlham Əliyevin həmin gün Xankəndidə səsləndirdiyi fikirlər xalqımızın son yüzillikdə keçdiyi mürəkkəb tarixi yolun mahiyyətini bir daha ortaya qoydu. 1923-cü ildə Qarabağda yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı yaranmış tarixi ədalətsizlik uzun illər ərzində Azərbaycan xalqının ciddi sınaqlarla üzləşməsinə səbəb olmuşdu. Buna baxmayaraq, xalqımız heç vaxt öz dövlətçilik iradəsini və əzmini itirmədi. 2023-cü ilin sentyabr hadisələri isə bu tarixi prosesin məntiqi nəticəsi olaraq Azərbaycanın suverenliyinin tam bərpasını təmin etdi”.

Professor vurğulayıb ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra yalnız ərazilərini işğaldan azad etməklə kifayətlənməyib.

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər tarixi və inzibati ədalətin bərpasına da xidmət etdi. Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bu baxımdan mühüm əhəmiyyət daşıyırdı. Bununla Azərbaycan ərazisində tarixən mövcud olmuş inzibati-ərazi bölgüsünün pozulması nəticəsində yaranmış vəziyyətə yeni hüquqi və institusional yanaşma formalaşdırıldı. 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası isə bu prosesin daha mühüm mərhələsini təşkil etdi. Bu gün Azərbaycanın Dövlət Bayrağı Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. Bu mənzərə xalqımızın uzun illər ərzində gözlədiyi tarixi ədalətin bərpa olunduğunu nümayiş etdirir”.

E.Əhmədovun sözlərinə görə, Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycanın hərb tarixinə də yeni səhifə yazıb.

“2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad Azərbaycanın hərb tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri oldu. Bu parad Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr edilmişdi və Azərbaycanın hərbi gücünü, ordumuzun peşəkarlığını və dövlətimizin müdafiə qüdrətini nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin paradda səsləndirdiyi fikirlər Azərbaycan xalqının öz torpaqlarına bağlılığını və milli iradəsini ifadə edirdi. Azərbaycan Ordusu XXI əsrin hərbi əməliyyatları baxımından mühüm təcrübə ortaya qoydu. Vətən müharibəsi və 2023-cü ilin sentyabr hadisələri Azərbaycan Ordusunun yüksək hazırlığını və qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək imkanlarını nümayiş etdirdi. Bu Qələbələr xalqımızın yaddaşında şəhidlərimizin qəhrəmanlığı və ordumuzun şücaəti ilə bağlı əbədi yaşayacaq”.

Elçin Əhmədov əlavə edib ki, 2023-cü il sentyabrın 20-dən sonra Azərbaycanın müasir tarixində yeni mərhələ başlayıb.

“Prezident İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də qeyd etdi ki, Azərbaycan 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi başladı. Dövlət başçısı müasir tariximizin yeni dövrünün məhz 2023-cü il sentyabrın 20-dən sonra başladığını vurğuladı. Bu baxımdan sentyabrın 19-20-də baş verən hadisələr Azərbaycanın siyasi və hərbi tarixində mühüm dönüş nöqtəsidir. Həmin hadisə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində uzun illər davam edən prosesin yekun mərhələsi oldu. Artıq Azərbaycan öz ərazisində dövlət hakimiyyətini tam şəkildə həyata keçirən ölkə kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu reallıq həm ölkəmizin daxili inkişafı, həm də Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır”.

Professor bildirib ki, Dövlət Suverenliyi Gününün təsis edilməsi 2023-cü il sentyabr hadisələrinin tarixi əhəmiyyətini bir daha təsdiqləyir.

“Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamla sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi mühüm tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsi baxımından əhəmiyyətlidir. Həmin Sərəncamda da qeyd olunduğu kimi, 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Nəticədə Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Bu Qələbə Azərbaycanın müstəqillik və dövlətçilik tarixində müstəsna əhəmiyyətə malikdir. Dövlət Suverenliyi Günü həm də şəhidlərimizin və qəhrəman hərbçilərimizin fədakarlığının nəsillərə çatdırılması baxımından xüsusi önəm daşıyır. Bu gün Azərbaycan xalqı öz müstəqil dövlətinə sahibdir və dövlət bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Sentyabrın 20-si bundan sonra da Azərbaycan tarixində milli qürur və dövlətçilik rəmzi kimi qeyd olunacaq”.

Paylaş:
124

Son xəbərlər

Bütün xəbərlər