Ankaranın tələsik addımı: Ermənistanla sərhədin açılması Türkiyəyə niyə baha başa gələ bilər?

Sərhədi açmaq texniki məsələdir, bu addımı siyasi təsir alətinə çevirmək isə daha çətindir.
Türkiyə Ermənistanla nəqliyyat əlaqələrini bərpa edə, ticarət dövriyyəsini genişləndirə və sərhədyanı bölgələrdə iqtisadi fəallığı artıra bilər. Lakin Ankara bu yolla Cənubi Qafqazdakı mövqelərini avtomatik olaraq gücləndirəcəyini düşünürsə, regiondakı reallıqları daha diqqətlə qiymətləndirməlidir. İqtisadi faydalar mümkündür, amma siyasi dividendlərə zəmanət yoxdur. Azərbaycanı maraqlarını nəzərə almadan bu dividendləri əldə etmək cəhdi isə strateji səhvlə nəticələnə bilər.
Türkiyənin ekspert və siyasi dairələrində Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişə nail olmaqla bağlı gözləntilər yenidən aktuallaşıb. Ankarada hesab edirlər ki, bu, Qərblə münasibətlərin yaxşılaşmasına və yeni regional bazarın mənimsənilməsinə kömək edə bilər. Lakin məsələnin sistemli təhlili göstərir ki, bu cür gözləntilər Ermənistanın potensialının səthi qiymətləndirilməsinə əsaslanır. Bakıdan asılı olmayan şəkildə hərəkət etmək cəhdi Ankaraya davamlı siyasi üstünlüklər qazandırmayacaq, əksinə, Türkiyənin xarici siyasəti üçün əsas əhəmiyyət daşıyan Azərbaycanla müttəfiqlik münasibətlərində sistemli gərginlik yaradacaq.
İqtisadi illüziya: real rəqəmlər və perspektivsiz bazar
Sərhədin, xüsusilə də “Marqara–Əlican” sərhəd-keçid məntəqəsinin açılmasının sürətləndirilməsini dəstəkləyənlərin əsas arqumenti Türkiyənin şimal-şərq vilayətləri – Qars, İğdır və Ərdəhanın iqtisadi canlanacağı ilə bağlı vədlərdir. Lakin makroiqtisadi göstəricilərin elementar təhlili bu ümidlərin əsassızlığını üzə çıxarır. Ermənistan ümumi daxili məhsulu təxminən 24 milyard dollar, faktiki əhalisi isə 2,9 milyondan az olan, imkanları məhdud və çıxış yolları baxımından qapalı bazardır. Bu bazarın alıcılıq qabiliyyəti aşağıdır. İqtisadiyyatın enerji, logistika, rabitə və bank sektoru da daxil olmaqla əsas sahələri isə birbaşa və ya dolayı yolla, əsasən Rusiya olmaqla, xarici kapitalın nəzarəti altındadır.
Ermənistanın iqtisadi göstəriciləri Türkiyənin ümid bəslədiyi bazarın real imkanlarını qiymətləndirməyə şərait yaradır. Ermənistanın Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% artaraq 13,27 milyard dollar təşkil edib. İxrac 6,5% azalaraq 4,62 milyard dollara düşüb, idxal isə 9,3% artaraq 8,65 milyard dollara çatıb. Ermənistanın idxal tədarüklərinə ehtiyacı var. Lakin bu göstəricilər özlüyündə son dövrdə xarici siyasət və xarici iqtisadi əlaqələr sahəsində baş verən tendensiyalar fonunda Türkiyə şirkətlərinin müstəsna üstünlüklər əldə edəcəyini düşünmək üçün əsas vermir.
Ticarət əlaqələrinin coğrafiyası daha çox məqamı üzə çıxarır. 2026-cı ilin ilk səkkiz ayında Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi təxminən 3,59 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 19,2% azalma deməkdir. Rusiyanın Ermənistanın xarici və qarşılıqlı ticarətinin ümumi həcmindəki payı 34,5%-dən 27%-ə düşüb. Eyni zamanda, Avropa İttifaqı ilə ticarət 53,9% artaraq 2,43 milyard dollara çatıb, Aİ-nin payı isə 12,3%-dən 19%-ə yüksəlib. Çinlə ticarət dövriyyəsi də 31% artaraq 2,18 milyard dollar təşkil edib.
Bununla belə, Ermənistan iqtisadiyyatının struktur problemləri aradan qalxmayıb. Ticarət tərəfdaşlarının payı dəyişsə də, əsas infrastruktur əvvəlki öhdəliklərlə sıx bağlı olaraq qalır. Bunun üçün ölkənin əsas nəqliyyat arteriyası olan dəmir yollarına nəzər salmaq kifayətdir. “Cənubi Qafqaz Dəmir Yolu” QSC 2038-ci ilədək qüvvədə olan konsessiya müqaviləsi əsasında Ermənistanın bütün dəmir yolu infrastrukturunu idarə edir. Dəmir yolları ilə bağlı İrəvanla Moskva arasında son dövrlərdə yaranan açıq fikir ayrılıqları da xarakterik nəticə ilə yekunlaşıb: Ermənistan hakimiyyəti bu idarəetmə modelinə alternativin olmadığını qəbul etməyə məcbur olub və kompromisə gedib. Türkiyədən Ermənistana quru yolu ilə daşına biləcək istənilən yük qaçılmaz olaraq mövcud operatorların tarif və infrastruktur nəzarəti altına düşəcək.
Nəticə etibarilə, Türkiyə üçün iqtisadi sıçrayış kimi təqdim olunan proses sərhədyanı erməni kəndlərinə ucuz tekstil məhsulları, ərzaq və tikinti materiallarının tədarükü, eləcə də məhdud miqyaslı sərhədyanı alış-veriş turizmi ilə məhdudlaşacaq. ÜDM-i bir trilyon dolları ötən Türkiyə iqtisadiyyatı üçün bu gəlirlərin payı statistik xəta həddində, yəni faizin yüzdə birindən də az olacaq. Bu cüzi gəlir axınının siyasi xərcləri kompensasiya edəcəyini düşünmək dərin yanlışlıqdır.
“Qərbin alqışları” ilə bağlı yanlış gözləntilər və lobbiçilik dalanı
Ankaranın ikinci arqumenti diplomatik xarakter daşıyır. Türkiyənin siyasi elitasında belə bir fikir mövcuddur ki, İrəvana doğru birtərəfli addım atılması Vaşinqtonda, Brüsseldə və Parisdə Türkiyənin imicini dərhal yaxşılaşdıracaq, erməni diasporunun təzyiqlərini isə neytrallaşdıracaq. Bu yanaşma erməni diasporunun siyasi fəaliyyətinin mahiyyətini təəccüblü dərəcədə səthi anlamaqdan irəli gəlir. ABŞ-dəki ANCA və ya Fransadakı CCAF kimi təşkilatlar tarixən və institusional baxımdan vahid məqsəd – Türkiyəyə qarşı mübarizə aparmaq üçün formalaşdırılıb. Türkiyə dövlətinə düşmən münasibət sərhədlərin bağlı qalmasının nəticəsi deyil, bu qurumların mövcudluğunun əsas mahiyyətidir. Məhz bu yanaşma onlara siyasi təsir imkanları və maliyyə dəstəyi qazandırır.
Sərhədlərin açılması erməni diasporunun nümayəndələrini ritorikalarını dəyişməyə vadar etməyəcək. Əksinə, bu addım Ankaranın zəifliyi, uzun illər davam edən təzyiqlərin nəticəsi kimi qiymətləndiriləcək və Türkiyəyə qarşı yeni tələblərin irəli sürülməsi üçün siqnal rolunu oynayacaq. Üstəlik, geosiyasi vəziyyət köklü şəkildə dəyişib. Əgər 15-20 il əvvəl, 2009-cu ildə Sürix protokollarının imzalandığı dövrdə Qərb Ermənistanla sərhədlərin açılması tələbi ilə Ankaraya sistemli təzyiq göstərirdisə, bu gün məsələ Qərbin prioritetləri sırasından çıxıb. Qlobal böhranlarla məşğul olan Qərb bu addıma görə Türkiyəyə heç bir güzəşt etməyəcək. Ankara strateji üstünlüyünü tamamilə təmənnasız şəkildə əldən verəcək, əvəzində isə nə Avropaya inteqrasiya istiqamətində irəliləyiş əldə edəcək, nə də əsas müdafiə proqramları ilə bağlı güzəştlərə nail olacaq.
ABŞ-nin F-35 qırıcılarının tədarükünə qoyduğu qadağa, CAATSA sanksiyaları və F-16 təyyarələri ilə bağlı razılaşmaların ləngiməsi Rusiyanın S-400 sistemlərinin Türkiyədə mövcudluğu və ABŞ-nin sərt qanunvericiliyi ilə bağlıdır. Almaniyanın “Eurofighter Typhoon” qırıcılarının alınmasına maneələr yaratması isə Ankaranın Şərqi Aralıq dənizi və Kiprlə bağlı mövqeyi ilə əlaqədardır. Bütün bunların Ermənistanla sərhədin bağlı qalması ilə heç bir əlaqəsi yoxdur.
Yanlış geosiyasi hesablamalar: Bakının siyasi subyektliyi və İrəvanın zəifliyi
Türkiyəli strateqlərin əsas səhvi, nə qədər təəccüblü olsa da, məhz Cənubi Qafqazdakı güc balansını düzgün qiymətləndirməmələridir. Bugünkü Ermənistan siyasi subyektliyi son dərəcə zəif olan, daxili siyasi böhranla parçalanmış dövlətdir. İrəvanla əməkdaşlıq vasitəsilə regionda təsir imkanlarını artırmağa çalışmaq qum üzərində ev tikməyə bənzəyir.
Azərbaycan isə əksinə, son illərdə Cənubi Qafqazın şəksiz hərbi-siyasi və iqtisadi liderinə çevrilib. Bakı Türkiyənin uzun illərdir yalnız nəzəri deyil, real fayda əldə etdiyi əsas enerji və nəqliyyat marşrutlarına nəzarət edir. SOCAR şirkətinin xətti ilə Azərbaycanın Türkiyə iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 20 milyard dolları ötür. Azərbaycan Türkiyənin energetika və sənaye sahələrində ən böyük investorlarından biridir, “Petkim” neft-kimya kompleksinin və “STAR” neft emalı zavodunun sahibidir.
Mümkün qazanc və real itkilərin müqayisəsi bu ideyanın nə qədər riskli olduğunu açıq şəkildə göstərir. Tərəzinin bir gözündə ildə on milyonlarla dollar həcmində xırda ticarətdən əldə edilə biləcək gəlir, ayrı-ayrı xarici rəsmilərin verə biləcəyi illüziya xarakterli təriflər və siyasi çəkisi olmayan bir ölkənin bazarına daxil olmaq cəhdi dayanır. Digər gözündə isə SOCAR-ın investisiya proqramlarına yenidən baxılması təhlükəsi, Bakı–Ankara strateji oxunun qırılması, Şuşa Bəyannaməsinin müddəalarının zəifləməsi, hərbi-sənaye kompleksləri arasında koordinasiyanın pozulması və Türkiyənin bütün türk dünyasında nüfuzunun azalması riski var.
Çünki Azərbaycanı itirməklə Türkiyə Mərkəzi Asiyaya açılan yeganə real çıxış imkanından məhrum olacaq. Beləliklə, Azərbaycan olmadan türk dünyasının da mövcudluğu və birliyi ciddi sual altına düşəcək.
Ankara İrəvan Bakı ilə, o cümlədən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını istisna edən konstitusiya dəyişikliklərini də nəzərdə tutan yekun sülh müqaviləsini imzalamazdan əvvəl Ermənistanla sərhədi birtərəfli qaydada açmağa qərar versə, Bakının reaksiyası da buna uyğun olacaq. Türkiyəyə böyük rəğbət bəsləməsinə baxmayaraq, Azərbaycan cəmiyyəti bu addımı milli maraqlara xəyanət kimi qiymətləndirə bilər.
Keçmişin dərsləri və strateji səhvin bədəli
Ankara 2009-cu ildə Sürix protokollarını imzalayarkən artıq belə bir səhvə yol verib. Həmin vaxt Bakıdan xəbərsiz addım atmaq cəhdi Türkiyə ilə Azərbaycan arasında münasibətlərdə dərin böhrana səbəb oldu və protokolların özünün tam iflası ilə nəticələndi. Etimadı bərpa etmək və 2021-ci ildə müttəfiqlik haqqında bəyannamənin imzalanması səviyyəsinə çatmaq üçün illərlə gərgin iş aparmaq lazım gəldi. Bu gün eyni səhvin təkrarlanması təkcə əvvəlki yanlış dövrəyə qayıdış deyil, həm də Türkiyənin Qafqaz istiqamətində xarici siyasətinin şüurlu şəkildə yol verilmiş strateji səhvi kimi görünəcək.
Ankara yanlış gözləntilərə qapılaraq Ermənistanla sərhədi müstəqil qərar əsasında açarsa, İrəvana təzyiq göstərmək imkanını dərhal itirəcək. Bu halda Ermənistanın Bakı tərəfindən irəli sürülən tələbləri yerinə yetirmək üçün heç bir motivasiyası qalmayacaq. Öz növbəsində, Azərbaycanın əməkdaşlıq formatına yenidən baxması, vahid xarici siyasət barədə müzakirələri dayandırması, Ankara olmadan İsrail, Mərkəzi Asiya və ərəb dünyası ilə çoxşaxəli əlaqələrini fəallaşdırması ehtimalı yaranacaq.
Türkiyə Ermənistandan xırda iqtisadi qazancdan və yeni tələblər dalğasından başqa heç nə əldə etməyəcək. Əvəzində, bu xəyali irəliləyişin bədəli – Azərbaycanla etimadın və müttəfiqlik münasibətlərinin itirilməsi – şübhəsiz ki, daha ağır olacaq. Düzgün strategiya Ankaradan səbirli olmağı tələb edir: Ermənistanla sərhəd yalnız yekun sülh müqaviləsi ilə birlikdə açılmalıdır və bu məsələnin açarı Bakının əlindədir.
Fərhad Hüseyn









