Sülh olmadan Türkiyə-Ermənistan sərhədinin açılması: Bu, regionda hansı problemlərə səbəb ola bilər? – Politoloqdan ŞƏRH

"Azərbaycan və Türkiyə arasında xarici və daxili siyasətlə bağlı fundamental fikir ayrılıqları yoxdur, lakin bəzi məsələlər iki ölkənin münasibətlərini gərginləşdirmək istəyən qüvvələr tərəfindən istifadə edilir".
Bunu 1news.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, Azərbaycan və Türkiyə son illərdə mühüm siyasi və strateji uğurlar əldə edib. Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə başa vurub, Türkiyə isə Cənubi Qafqazda və Yaxın Şərqdə siyasi mövqelərini daha da gücləndirib.
“Azərbaycan və Türkiyə birlikdə Cənubi Qafqazda, Mərkəzi Asiyada, Suriyada və Şərqi Avropada bir sıra siyasi və iqtisadi məqsədlərinə nail olublar. Qarşıdakı dövrdə Bakı və Ankaranı bir çox mühüm iqtisadi və siyasi layihələr gözləyir. Buna görə də hazırkı mərhələdə iki ölkə arasında münasibətlərin ciddi şəkildə pisləşəcəyini düşünmək üçün əsas yoxdur. Bununla belə, müəyyən məsələlərlə bağlı fikir ayrılıqları mövcuddur və bu məqamlar münasibətlərə xələl gətirmək istəyən qüvvələr tərəfindən qabardılır”, – Zaur Məmmədov qeyd edib.
O, Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycanın İsraillə münasibətləri, eləcə də ölkədə hicabla bağlı məsələlər ətrafında səsləndirilən fikirlərə də münasibət bildirib.
“Azərbaycanda hicabla bağlı məsələ ölkənin daxili işidir və bunun Türkiyə ilə birbaşa əlaqəsi yoxdur. Eyni zamanda, Azərbaycanın İsraillə münasibətlərini Türkiyənin maraqlarına zidd kimi təqdim etmək də düzgün yanaşma deyil. Əksinə, Ankara Bakı ilə Təl-Əviv arasındakı münasibətlərdən öz milli maraqlarının reallaşdırılması üçün istifadə edə bilər və müəyyən mənada bundan yararlanır da. Bu iki məsələni Azərbaycan-Türkiyə münasibətlərində problem kimi təqdim etmək reallığı əks etdirmir. Hesab edirəm ki, hazırda iki ölkə arasında əsas mübahisə mövzusu nə hicab, nə də İsraillə əlaqələrdir”, – politoloq vurğulayıb.
Zaur Məmmədov Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinin isə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O xatırladıb ki, Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etiraz olaraq sərhədləri bağlayıb və bu addım uzun illər regiondakı siyasi reallıqlara təsir göstərib.
“Bu gün Türkiyədə Ermənistanla sərhədlərin açılmasında maraqlı olan qüvvələr mövcuddur. Onların yanaşmasına görə, sərhədlərin açılması Ermənistanın Türkiyə ilə yaxınlaşmasına, Ankaranın bu ölkədə mövqelərinin güclənməsinə və Azərbaycan-Ermənistan sülh prosesinin sürətlənməsinə şərait yarada bilər. Lakin burada mühüm bir məqam var: Türkiyə-Ermənistan sərhədinin açılmasının Ermənistanı Azərbaycan və Türkiyəyə daha da yaxınlaşdıracağına heç bir zəmanət yoxdur. Əksinə, bu addım Ermənistanın siyasi və iqtisadi manevr imkanlarını genişləndirə bilər. 2008-ci ildə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar zamanı da Qərbdəki bəzi mərkəzlərin əsas məqsədlərindən biri Ermənistanın iqtisadi və siyasi imkanlarını artırmaq idi”, – o bildirib.
Politoloqun fikrincə, hazırda da sərhədlərin açılması Ermənistanın manevr imkanlarını genişləndirə, eyni zamanda, rəsmi İrəvanın Azərbaycanla sülh prosesində üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün motivasiyasını azalda bilər.
“Azərbaycanı narahat edən əsas məqam Ermənistanın sülh prosesini uzatması, Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin imzalanması ilə bağlı konkret addımları gecikdirməsidir. Türkiyə ilə sərhədlərin bağlı qalması Ermənistan hakimiyyəti üçün müəyyən stimul yaradır ki, yeni konstitusiya qəbul edilsin, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina olunsun və bundan sonra sülh müqaviləsi imzalansın. Sərhədlər açılacağı təqdirdə isə bu stimul aradan qalxa bilər. Nəticədə sülh müqaviləsinin imzalanması daha da uzana bilər”, – Zaur Məmmədov deyib.
O, Ermənistanın son dövrlərdə atdığı addımların da suallar doğurduğunu diqqətə çatdırıb.
“Baş nazir Nikol Paşinyanın sülh müqaviləsinin 2031-ci ilə qədər imzalana biləcəyini bildirməsi, son iki ayda yeni konstitusiya ilə bağlı konkret açıqlamaların verilməməsi və sənədin mətninin ictimaiyyətə təqdim olunmaması müəyyən narahatlıqlar yaradır. Eyni zamanda, Zəngəzur dəhlizi çərçivəsində dəmir və avtomobil yollarının inşası ilə bağlı ilkin işlərin görülməməsi Ermənistan hakimiyyətinin səmimiyyəti barədə suallar doğurur. Bu baxımdan, sərhədlərin açılması məsələsinə yalnız iqtisadi əməkdaşlıq prizmasından yanaşmaq düzgün olmazdı. Burada Azərbaycanın təhlükəsizlik maraqları və sülh prosesinin perspektivləri də nəzərə alınmalıdır”, – politoloq vurğulayıb.
Zaur Məmmədov əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında müəyyən iqtisadi və texniki layihələrin həyata keçirilməsi sərhədlərin açılmasından ayrı qiymətləndirilməlidir.
“Türkiyə və Ermənistan arasında elektrik enerjisi, optik rabitə və ticarət sahələrində əməkdaşlığın qurulmasına prinsip etibarilə etiraz yoxdur. Ankara istədiyi vaxt bu istiqamətlərdə əlaqələri inkişaf etdirə, qarşılıqlı faydalı iqtisadi və strateji layihələr həyata keçirə bilər. Lakin sərhədlərin açılması daha geniş siyasi məna daşıyır. Əvvəlki razılaşmalara əsasən, Türkiyə-Ermənistan sərhədinin Azərbaycanla koordinasiyalı şəkildə, sülh müqaviləsi imzalandıqdan sonra açılması nəzərdə tutulurdu. Bu səbəbdən hesab edirəm ki, sərhədlərin açılması ilə bağlı qərar qəbul edilərkən Azərbaycanın mövqeyi və regionda davamlı sülhün təmin olunması əsas götürülməlidir”, – politoloq fikrini yekunlaşdırıb.








