Mikayıl Cabbarov dağ-mədən və metallurgiya sənayesi ilə bağlı əsas çağırışları açıqlayıb
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı üçün əsas çağırışlardan biri hüquqi və institusional bazanın müasirləşdirilməsi, digəri isə uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsidir.
1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, hüquqi və institusional bazanın müasirləşdirilməsi məqsədilə “Yerin təki haqqında” yeni qanun layihəsinin hazırlanması, beynəlxalq hesabatlılıq standartlarının tətbiqi və vahid elektron geoloji informasiya bazasının yaradılması nəzərdə tutulur.
Mikayıl Cabbarov maliyyələşməni də əsas çağırışlardan biri kimi göstərib. Onun sözlərinə görə, dağ-mədən və metallurgiya layihələri böyük kapital və uzunmüddətli maliyyə tələb etdiyindən dövlətlə yanaşı, özəl sektorun, bankların və beynəlxalq maliyyə resurslarının imkanlarından daha geniş istifadə olunmalıdır.
Nazir qeyd edib ki, xüsusilə uzunmüddətli kreditlərə çıxış bütövlükdə sənayenin qarşılaşdığı əsas problemlərdən biridir. Dağ-mədən və metallurgiya layihələrində qərarın qəbulundan istehsala başlanmasına qədər 5 il və daha uzun müddət tələb oluna bilər.
“Bu baxımdan 10 il və daha uzun müddətə kredit imkanlarının genişləndirilməsi, yerli bankların iri və uzunmüddətli layihələrin maliyyələşdirilməsində iştirakının artırılması vacibdir. Burada obyektiv çağırış da var. Bu, ondan ibarətdir ki, bu gün banklarımızda obyektiv olaraq belə uzunmüddətli vəsait mənbəyi də olmaya bilir”, – Mikayıl Cabbarov vurğulayıb.
O əlavə edib ki, hazırda bu sahədə uzunmüddətli və güzəştli kreditləşmə imkanları kifayət qədər məhduddur.
Nazir bununla əlaqədar Nazirlər Kabineti, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Dövlət Neft Fondu və digər aidiyyəti qurumların iştirakı ilə uzunmüddətli maliyyələşmə üzrə siyasət tədbirlərinin hazırlanmasını və müvafiq maliyyələşmə mexanizmlərinin müəyyənləşdirilməsini təklif edib.
Mikayıl Cabbarov həmçinin iri layihələrin cəlbi üçün vergi, gömrük və investisiya təşviqlərinin təkmilləşdirilməsini, sənaye və nəqliyyat infrastrukturuna dəstəyin genişləndirilməsini, elmi potensialın artırılmasını və təhsil-sənaye əməkdaşlığının gücləndirilməsini vacib istiqamətlər kimi göstərib.












