İlham Əliyev: Təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır
“Təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır”.
1news.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində qeyd olunub.
Dövlət başçısı bildirib ki, dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir.
“Müasir çağırışların miqyası və təhdidedici xarakteri qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, çevik və əlaqələndirilmiş yanaşmaların tətbiqini zəruri edir. Çünki təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. Hər hansı bir regionda meydana gələn böhran və ya gərginlik ocağı qısa müddət ərzində digər regionlara təsir göstərə, siyasi və iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə xələl gətirə, nəqliyyat və kommunikasiya əlaqələrində ciddi fəsadlara yol aça bilir”, - İlham Əliyev qeyd edib.
Onun sözlərinə görə, terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq və digər transsərhəd təhdidlər də məhz bu qarşılıqlı bağlılıqdan istifadə edərək daha mürəkkəb xarakter alır.
Prezident vurğulayıb ki, təhlükəsizliyin etibarlı təmin olunması üçün yalnız mövcud təhdidlər və onların nəticələri ilə mübarizə aparmaq deyil, riskləri əvvəlcədən müəyyən etmək və onların qarşısını vaxtında almaq vacibdir.
“Bunun üçün dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir”, - dövlət başçısı bildirib.












