AMB “Bank of Baku”nun rəsmisini cərimələyib | 1news.az | Xəbərlər
İqtisadiyyat

AMB “Bank of Baku”nun rəsmisini cərimələyib

14:53 - Bu gün
AMB “Bank of Baku”nun rəsmisini cərimələyib

Azərbaycan Mərkəzi Bankının (AMB) cari nəzarət tədbirləri çərçivəsində “Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin (ASC) vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

1news.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, “Bank of Baku” ASC-nin vəzifəli şəxsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozub.

Bununla əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bankın vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən 10 min manat məbləğində cərimə edilib.

Dövlət Vergi Xidmətinin vergi ödəyiciləri barədə açıq məlumatlarına əsasən, “Bank of Baku” ASC-nin VÖEN-i 1700038881-dir. Bankın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 42 ünvanında yerləşir.

Məlumata görə, bankın nizamnamə kapitalı 528,7 milyon manat təşkil edir. “Bank of Baku”nun vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınma tarixi 1 fevral 2005-ci il, VÖEN-in verilmə tarixi isə 16 iyun 2004-cü ildir.

Vergi uçotu məlumatında bankın qanuni təmsilçisi Həsən Quliyev Cəfər oğlu göstərilir. Bank aktiv vergi ödəyicisi kimi qeydiyyatdadır və ƏDV məqsədləri üçün qeydiyyatdan keçib. Həmçinin məlumatda “Bank of Baku” ASC-nin riskli vergi ödəyicisi olmadığı və vergi borcunun 0 manat təşkil etdiyi göstərilir. Reyestrdən sonuncu çıxarış isə 30 iyul 2026-cı il tarixində verilib.

“Bank of Baku”nun əsası 1994-cü ildə qoyulub. Bank Azərbaycanda pərakəndə və korporativ bank xidmətləri göstərən maliyyə institutlarından biridir.

Qeyd edək ki, AMB tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində maliyyə institutlarının qanunvericiliyin, o cümlədən çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı tələblərə riayət etməsi yoxlanılır.

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər