Maştağada saxta alkoqollu içkilərin satışı aşkarlanıb - FOTO
Maştağada fəaliyyət göstərən ictimai iaşə müəssisəsində mənşəyi məlum olmayan və saxtalaşdırma əlamətləri olan alkoqollu içkilərin istehlaka təqdim edildiyi müəyyənləşib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, AQTA əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa yolunun üzərində yerləşən fiziki şəxs Kərimov Şıxəli Hacıağa oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi müəyyən olunub. Həmçinin müəssisədə istifadə edilən ət və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.
Bundan başqa, obyektdə mənşəyi məlum olmayan, açıq saxtalaşdırma əlamətləri olan alkoqollu içkilərin istehlaka təqdim edilməsi halları da müəyyən edilib.
Aşkarlanan nöqsanlarla bağlı inzibati xəta haqqında protokol tərtib olunub. İstehlaka təqdim edilən ət və araq məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Alkoqollu içkilərin dövriyyəsi qadağan edilib. Həmçinin müəssisədə aşkar edilmiş nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.



















