Dilan Polat “Prezidenti təhqir etmə” ittihamı ilə saxlanıldı
Türkiyəli sosial media fenomeni Dilan Polat “Prezidenti təhqir etmə” ittihamı ilə saxlanılıb.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Anadolu Cümhuriyyət Baş Prokurorluğu sosial mediada yayılan görüntüdəki ifadələrlə bağlı Polat barəsində araşdırma başladıb.
Araşdırma çərçivəsində saxlanılan Dilan Polat ifadə verməsi üçün İstanbul Anadolu Ədliyyəsinə gətirilib.
Məlumata görə, Polat prokurorluqda ifadə verərkən səhhəti pisləşib. Hadisə yerinə tibbi yardım briqadası çağırılıb və müdaxilədən sonra onun ifadəsinin alınması davam etdirilib.
İfadəsi başa çatdıqdan sonra Dilan Polat barəsində məhkəmə nəzarəti tədbirinin tətbiqi tələbi ilə növbətçi Sülh Cinayət Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Polatın “Instagram” hesabına da bu ilin iyununda Ankara Sülh Cinayət Məhkəməsinin qərarı ilə giriş məhdudlaşdırılmışdı. Qərarın Ailə və Sosial Xidmətlər Nazirliyinin müraciəti əsasında, ictimai asayişin qorunması və əhalinin sağlamlığının təmin edilməsi məqsədilə qəbul edildiyi bildirilmişdi.












