Kayrat Sarıbay: Azərbaycan sədrliyi yüzlərlə məqsədyönlü təşəbbüsə təkan verib | 1news.az | Xəbərlər
Siyasət

Kayrat Sarıbay: Azərbaycan sədrliyi yüzlərlə məqsədyönlü təşəbbüsə təkan verib

Qafar Ağayev10:47 - Bu gün
Kayrat Sarıbay: Azərbaycan sədrliyi yüzlərlə məqsədyönlü təşəbbüsə təkan verib

“Məhz regional həllərin təmin edilməsi AQEM-in gördüyü işlərin əsasını təşkil edir. 28 üzv dövləti bir araya gətirən AQEM Asiyada dialoq üçün inklüziv platforma təmin edir”.

1news.az xəbər verir ki, bu sözləri AQEM-in Baş katibi Kayrat Sarıbay Bakıda keçirilən Media Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, AQEM-in suveren bərabərlik və konsensus prinsipləri müxtəlif milli təcrübələrə malik ölkələrə ümumi zəmin tapmağa imkan verir.

“Bu ümumi zəminə çatmaq və tərəfdaşlıq qurmaq etimaddan başlayır. Etimad dialoqu praktiki əməkdaşlığa çevirir. Etimad ardıcıl əlaqə və birlikdə işləməyin yaratdığı ortaq təcrübə vasitəsilə möhkəmlənir”.

Kayrat Sarıbay qeyd edib ki, AQEM beş əsas istiqamət üzrə konkret tədbirlər vasitəsilə əməkdaşlığı və qarşılıqlı etimadı gücləndirir.

“AQEM beş istiqamət üzrə – hərbi-siyasi, yeni çağırışlar və təhdidlər, iqtisadi, ətraf mühit və humanitar ölçülər üzrə konkret, etimad yaradan tədbirlər həyata keçirir”.

O bildirib ki, AQEM illər ərzində dialoq platformasından praktiki əməkdaşlıq üçün möhkəm hökumətlərarası mexanizmə çevrilib.

“Azərbaycanın sədrliyi dövründə bu çərçivə yüzlərlə məqsədyönlü təşəbbüsə təkan verərək Asiya üzrə peşəkar əlaqələrin geniş şəbəkəsinin formalaşmasına töhfə verib”.

Baş katibin sözlərinə görə, AQEM çərçivəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlıq bir-birini tamamlayır.

“Bu dinamika bir sahədəki irəliləyişin digər sahələrdə yeni imkanlar yaratdığı çarpaz ölçülü yanaşmaya əsaslanır. Təhsil iqtisadi iştiraka imkan yaradır, rəqəmsal əlaqəlilik biliyə çıxışı genişləndirir, ətraf mühit üzrə əməkdaşlıq isə ictimai sağlamlığı və sosial rifahı qoruyur”.

Kayrat Sarıbay qadınların və gənclərin AQEM çərçivəsində əməkdaşlığa cəlb edilməsinin əhəmiyyətini də vurğulayıb.

“Qadınların səlahiyyətləndirilməsi bu çarpaz ölçülü əlaqələri əyani şəkildə nümayiş etdirir. Sosial inklüzivliyi iqtisadi artımla əlaqələndirən AQEM Qadınlar Şurası qadınların ictimai həyatda, peşəkar inkişafda və sahibkarlıqda iştirakının genişləndirilməsinə töhfə verir”.

O, bildirib ki, gənclərin cəlb edilməsi də Asiya üzrə həyati əhəmiyyət daşıyır.

“Bunun yaxşı nümunəsi ADA Universitetində bu yaxınlarda keçirilmiş toplantıdır. Həmin tədbir gənclərin öz təcrübələrini bölüşməsi və əməkdaşlıq imkanlarını genişləndirməsi üçün mühüm platforma yaradıb”.

 

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər