Prezidentin xüsusi nümayəndəsi: Azərbaycan AQEM-in institusional inkişafına mühüm töhfələr verib
“Biz AQEM-in Asiya məkanında konsensus və dövlətlərin suveren bərabərliyi prinsiplərinə əsaslanaraq açıq dialoqu təşviq edən, ölkələr arasında etimadın möhkəmləndirilməsinə töhfə verən və çoxtərəfli əməkdaşlığın inkişafına dinamika qazandıran mühüm platforma kimi rolunu yüksək qiymətləndiririk”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Bakıda keçirilən AQEM Media Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan AQEM-ə sədrliyi çərçivəsində Müşavirənin institusional inkişafı və sahəvi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atıb.
“Azərbaycan Respublikası AQEM-ə sədrliyi çərçivəsində Müşavirənin institusional inkişafı, beynəlxalq təşkilata transformasiyası və sahəvi əməkdaşlığın genişləndirilməsi, habelə AQEM məkanında etimadın artırılması və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətlərində mühüm töhfələr verib”.
Xələf Xələfov Azərbaycanın sədrliyi dövründə həyata keçirilən təşəbbüslərdən danışıb.
“Sədrliyimiz dövründə AQEM Qadınlar Şurasının və AQEM Maliyyə Sammitinin yaradılması, AQEM ölkələrində aparıcı universitetlərin tərəfdaşlıq şəbəkəsinin praktiki fəaliyyətə başlaması, AQEM-in Nizamnaməsinin yenilənmiş layihəsi üzərində müzakirələrin aparılması, eləcə də AQEM-in beynəlxalq təşkilata transformasiyası gündəliyi çərçivəsində yüksək səviyyəli məsləhətləşmələrin davam etdirilməsi Müşavirənin institusional gələcəyinə yeni dinamika qazandırıb”.
O qeyd edib ki, sədrliyi dövründə müxtəlif sahələr üzrə genişmiqyaslı tədbirlər keçirilib.
“Bu dövr ərzində iqtisadi əməkdaşlıq, iqlim dayanıqlılığı, təhlükəsizlik, su təhlükəsizliyi, qadınların rolunun gücləndirilməsi, gənclər, təhsil, media, turizm, nəqliyyat, logistika və analitik dialoq sahələrində keçirilmiş genişmiqyaslı tədbirlər AQEM məkanında daha canlı, inklüziv və nəticəyönümlü əməkdaşlıq mühitinin formalaşmasına şərait yaradıb”.
Xələf Xələfov Azərbaycanın bundan sonra da AQEM çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
“Azərbaycan bundan sonra da AQEM çərçivəsində qarşılıqlı etimadın və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək”.
O, qarşıdakı AQEM sammitinin əhəmiyyətinə də toxunub.
“Oktyabrın 15-də Bakıda AQEM-in VII Sammiti keçiriləcək. Əminəm ki, bugünkü müzakirələr sammit ərəfəsində ortaq gündəliyimizi yeni ideyalarla zənginləşdirəcək, üzv dövlətlərin media qurumları arasında əlaqələri daha da möhkəmləndirəcək”.












