Xələf Xələfov: Sürətli informasiya axınları həm körpülər yarada, həm də anlaşılmazlıqları dərinləşdirə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Xələf Xələfov: Sürətli informasiya axınları həm körpülər yarada, həm də anlaşılmazlıqları dərinləşdirə bilər

Qafar Ağayev10:53 - Bu gün
Xələf Xələfov: Sürətli informasiya axınları həm körpülər yarada, həm də anlaşılmazlıqları dərinləşdirə bilər

“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda keçirilən bu forum AQEM məkanında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından xüsusi aktuallıq və əhəmiyyət kəsb edir.

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Bakıda keçirilən AQEM Media Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, media sahəsi Azərbaycan sədrliyinin AQEM çərçivəsində gündəliyində prioritet istiqamətlərdən biridir.

“AQEM platformasında media sahəsi Azərbaycan sədrliyinin gündəliyində prioritet istiqamətlərdən birini təşkil edir. Bu gün dezinformasiyanın və nifrət nitqinin təcavüzkar siyasətin alətinə çevrildiyi şəraitdə obyektiv, məsuliyyətli və peşəkar mediaya böyük ehtiyac vardır”.

Xələf Xələfov qeyd edib ki, AQEM məkanında media sahəsində əməkdaşlığın genişləndirilməsi və dezinformasiyaya qarşı birgə səylərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

“Bu baxımdan AQEM məkanında media sahəsində əməkdaşlığın genişləndirilməsi, peşəkar təcrübə mübadiləsi və dezinformasiyaya qarşı birgə səylərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.

O vurğulayıb ki, müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya dövrünü yaşayır.

“Geosiyasi gərginliyin artması, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla beynəlxalq hüququn əsas prinsiplərinin pozulması qlobal təhlükəsizlik sistemini ciddi sınağa çəkir. Terrorizm, separatizm, ekstremizm, kibertəhdidlər, dezinformasiya, eləcə də ərzaq, enerji, su və iqlim təhlükəsizliyi ilə bağlı risklər qlobal xarakterli təhlükələr yaradır”.

Diplomatın sözlərinə görə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və münaqişələrin beynəlxalq hüququn əsas prinsipləri əsasında sülh yolu ilə nizamlanması mühüm əhəmiyyət daşıyır.

“Müasir dövrdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, münaqişələrin beynəlxalq hüququn əsasları əsasında sülh yolu ilə nizamlanmasına və dünyanın müxtəlif regionlarında davam edən qanlı müharibələrə son qoyulmasına yönəlmiş birgə fəaliyyət bəşəri əhəmiyyət daşıyan məqsədlərə xidmət edir”.

Xələf Xələfov beynəlxalq hüququn ədalətli dünya nizamının qurulmasındakı roluna da diqqət çəkib.

“Dünya nizamının və beynəlxalq hüquq norma və prinsiplərinin pozulmasına yönəlmiş təhdidlərin, eləcə də təcavüzkar çağırışların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının mərkəzi roluna əsaslanan birgə addımların atılmasını mühüm hesab edirik. Beynəlxalq hüquq ədalətli dünya nizamının qurulması və inkişafı üçün yeganə etibarlı təminat olaraq qalır”.

Azərbaycan diplomatının sözlərinə görə, Azərbaycan uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrini aradan qaldıraraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

“30 ildən çox Ermənistan Respublikasının hərbi təcavüzünün ağır nəticələrindən əziyyət çəkən ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bərpa edib və bununla da bu hərbi münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarının həyata keçirilməsini təmin edib”.

O bildirib ki, Azərbaycan münaqişədən sonra regionda davamlı sülhün təmin olunması üçün təşəbbüslər irəli sürüb.

“İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq məhz Azərbaycan Prezidenti Ermənistan Respublikasına regionda davamlı sülh yaratmağı təklif edib və sülh prosesinin irəli aparılması üçün bütün real addımları atıb”.

Xələf Xələfov 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların uzunmüddətli münaqişədən sonra etimadın bərpasının mümkünlüyünü göstərdiyini deyib.

“2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması göstərdi ki, onilliklər boyu davam etmiş münaqişədən sonra belə etimad qurmaq mümkündür”.

“Bu gün çox vacibdir ki, Ermənistan Respublikası və erməni xalqı bu tarixi məsuliyyəti düzgün qiymətləndirsin və sülhün hüquqi öhdəliklər üzərində təsbit olunması üçün bütün lazımi addımları atsın”.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər