AQEM baş katibi Azərbaycan Prezidentinə təşəkkür edib
“Bakıda ilk AQEM Media Forumunun açılışında çıxış etmək mənim üçün şərəfdir. AQEM çərçivəsində belə bir tədbirin ilk dəfə təşkil olunması regional dialoqa dəyərli töhfədir”.
1news.az xəbər verir ki, bu sözləri AQEM-in Baş katibi Kayrat Sarıbay Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunda çıxışı edərkən deyib.
O bildirib ki, AQEM Media Forumunun keçirilməsi təşəbbüsünə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edir.
“Bu təşəbbüs Prezident İlham Əliyevin daha geniş baxışını əks etdirir. Onun beynəlxalq əməkdaşlığa dair baxışı açıqlıq və dialoqa, eləcə də xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın gücləndirilməsində medianın mühüm rolunun dərk edilməsinə əsaslanır”.
Kayrat Sarıbay Azərbaycanın ev sahibliyinə və tədbirin yüksək səviyyədə təşkilinə görə də minnətdarlığını ifadə edib.
“Bu gözəl şəhərə hər qayıdışda hiss olunan isti qonaqpərvərliyə və yüksək səviyyəli təşkilatçılığa görə azərbaycanlı ev sahiblərimizə səmimi minnətdarlığımı bildirirəm. Bakı səfərlərinin hər biri AQEM çərçivəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni imkanlar açır”.
O qeyd edib ki, Azərbaycanın AQEM sədrliyi çərçivəsində həyata keçirdiyi fəaliyyət regional əməkdaşlığın inkişafına mühüm töhfə verir.
“Bu müntəzəm təmaslar Azərbaycanın “Daha güclü AQEM: Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusunda sədrliyinin fəal və səmərəli yanaşmasını nümayiş etdirir. Bu praktiki nəticələrin qarşılıqlı etimada çevrilməsi aydın ictimai məlumatlılıq tələb edir. Məhz buna görə bugünkü media peşəkarlarının toplantısı həm vaxtında, həm də əhəmiyyətlidir”.
“Geosiyasi gərginliklər, iqtisadi qeyri-müəyyənlik və iqlim təzyiqləri ilə getdikcə daha çox formalaşan dünyada rəqəmsal transformasiya cəmiyyətlərin informasiyaya çıxış və onu şərh etmə üsullarını sürətlə dəyişir. Sürətli informasiya axınları ya insanlar və cəmiyyətlər arasında körpülər yarada, ya da anlaşılmazlıqları dərinləşdirə bilər”.
AQEM-in Baş katibi vurğulayıb ki, informasiya mühitində baş verən dəyişikliklər beynəlxalq münasibətlərə də təsir göstərir.
“Bu mühitdə konstruktiv və faktlara əsaslanan dialoqun təşviqi qlobal prioritetə çevrilir. Dayanıqlı dünya yalnız etimad və əməkdaşlıq təməli üzərində qurula bilər. Bununla belə, qlobal məqsədlər regional fəaliyyət tələb edir. Regional səylər daha geniş, BMT əsaslı sistemi gücləndirən praktiki və məqsədyönlü həllər təqdim etməklə öz əsl dəyərini sübut edir”.












