Bakıda sınağa çevrilən avtobus səfəri : AYNA sıxlıq, kondisioner və davranış qaydaları ilə bağlı nələri deyir? | 1news.az | Xəbərlər
Mövqe

Bakıda sınağa çevrilən avtobus səfəri : AYNA sıxlıq, kondisioner və davranış qaydaları ilə bağlı nələri deyir?

Ayxan Məlikzadə15:42 - Bu gün
Bakıda sınağa çevrilən avtobus səfəri : AYNA sıxlıq, kondisioner və davranış qaydaları ilə bağlı nələri deyir?

Son aylarda Bakıda avtobusla səfər bir çox sərnişin üçün əsl sınağa çevrilir.

“Bakı Metropoliteni”ndə Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrası çərçivəsində metronun “28 May” – “Nizami” istiqamətində qatarların hərəkətinin tam dayandırılması, yolların təmiri, tikinti işləri, hərəkət sxemlərinin dəyişdirilməsi və digər amillər yerüstü ictimai nəqliyyata düşən yükü nəzərəçarpacaq dərəcədə artırıb.

Pik saatlarında avtobuslar bəzən o qədər dolu olur ki, qapıları bağlamaq çətinləşir, salonda isə demək olar ki, sərbəst dayanmaq mümkün olmur. Bəzi hallarda sərnişinlər 20–40 dəqiqə nəqliyyat gözləyir, daha sonra isə onlarla insan eyni anda avtobusa minməyə çalışır. Oturacaq yeri tutmaq isə bəzən böyük şans hesab olunur. Bununla yanaşı, artan yük bir sıra gündəlik suallar da yaradır. Niyə avtobusda hava boğucu olduğu halda sürücü kondisioneri işə salmır? Avtobusda ümumilikdə neçə sərnişin ola bilər? “Stop” düyməsi nə üçün nəzərdə tutulub? Sərnişinin halı pisləşərsə nə etmək lazımdır? Əlilliyi olan şəxs üçün nəzərdə tutulan xüsusi yeri başqa sərnişin tutubsa, sürücü müdaxilə etməlidirmi?

1news.az avtobuslarda sərnişin və sürücülər üçün hansı qaydaların qüvvədə olduğunu və mübahisəli vəziyyətlərdə nə edilməli olduğunu öyrənmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib.

Avtobusda neçə sərnişin ola bilər?

Ən çox müzakirə olunan məsələlərdən biri avtobusların həddindən artıq dolu olmasıdır. Bəzən elə təsəvvür yaranır ki, salonda demək olar ki, boş yer qalmayana qədər mümkün qədər çox insan avtobusa yerləşdirilir.

AYNA-dan bildirilib ki, hər bir avtobus üçün istehsalçı tərəfindən həm oturacaq, həm də ayaqüstü sərnişinlərin sayı üzrə müəyyən tutum həddi müəyyən edilir. Beləliklə, bütün avtobuslar üçün vahid sərnişin sayı yoxdur. İcazə verilən tutum konkret modeldən və onun texniki xüsusiyyətlərindən asılıdır. Müəyyən edilmiş həddən artıq sərnişin daşınması və bunun təhlükəsizlik qaydalarının pozulmasına səbəb olması halında hüquq-mühafizə orqanları tərəfindən inzibati tədbirlər görülə bilər.

AYNA avtobusların yüklənmə səviyyəsini mütəmadi monitorinq edir. Hər hansı avtobusda sərnişin sıxlığının yüksək olduğu müəyyənləşdirilərsə, avtobusların sayının artırılması istiqamətində tədbirlər görülür.

“Avtobusda hava yoxdur, amma kondisioner işləmir”

Sərnişinlərin ən çox narazılıq etdiyi məsələlərdən biri də avtobusdakı havasızlıq ilə bağlıdır.

AYNA-dan bildirilib ki, avtobusların müasir havalandırma, soyutma və isitmə sistemləri ilə təchiz olunması Nazirlər Kabinetinin 73 nömrəli qərarı ilə təsdiq edilmiş tələblərdə öz əksini tapıb. Müntəzəm sərnişindaşıma həyata keçirən daşıyıcılar da bu tələblərə əməl etməlidirlər.

Hər il yay və qış mövsümləri başlamazdan əvvəl daşıyıcılara rəsmi xəbərdarlıq məktubları göndərilir. Onlara avtobuslarda soyutma və isitmə sistemlərini işlək vəziyyətə gətirmək və sərnişinlərin rahatlığını təmin etmək üçün onları hava temperaturuna uyğun tənzimləmək tapşırılır.

Sürücü necə davranmalıdır?

Avtobus sürücüsünün işi yalnız nəqliyyat vasitəsini idarə etməklə məhdudlaşmır. Onun davranışından sərnişinlərin təhlükəsizliyi də birbaşa asılıdır.

AYNA-nın məlumatına görə, sürücülərin işə qəbulu Əmək Məcəlləsinin və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq daşıyıcılar tərəfindən həyata keçirilir. Böyük daşıyıcı şirkətlər sürücülər üçün təlimlər təşkil edir.

Bundan əlavə, AYNA-nın Təlim-Tədris Mərkəzində nəzəri və praktiki məşğələlər keçirilir. Hazırlıq zamanı yalnız peşəkar sürücülük deyil, həmçinin təhlükəsizlik, ünsiyyət mədəniyyəti, etik davranış və emosional vəziyyətin idarə olunması məsələləri də nəzərdən keçirilir. Agentlik daşıyıcılarla mütəmadi görüşlər keçirir və müvafiq tövsiyələr göndərir.

“Stop” düyməsi nə üçündür?

Sərnişinlərin tez-tez sual verdiyi məsələlərdən biri də avtobuslardakı “Stop” düyməsidir. AYNA-dan bildirilib ki, bu düymə əksər istehsalçıların avtobuslarının konstruksiyasında nəzərdə tutulub. Avtobuslar normal qaydada yalnız dayanacaqlarda saxlanılır. Lakin mühüm istisna var: sərnişinin halı pisləşərsə, bu vəziyyət fors-major hal kimi qiymətləndirilə bilər. Zərurət yarandıqda sürücü sərnişinin ən yaxın təhlükəsiz yerdə düşməsini təmin edə bilər.

Xüsusi yerlərdə kim yer verməlidir?

Şəhər avtobuslarında əlilliyi olan şəxslər və uşaq arabası ilə hərəkət edən sərnişinlər üçün xüsusi zonalar nəzərdə tutulub.

AYNA-dan bildirilib ki, şəhər avtobuslarında adətən uşaq arabası üçün bir xüsusi yer olur. Bəzi geniş salonlu avtobuslarda isə iki uşaq arabasının yerləşdirilməsi üçün kifayət qədər boş sahə ola bilər. Bu da avtobusun tutumu nəzərə alınmaqla istehsalçı tərəfindən müəyyən edilir. Azərbaycan ərazisinə əlilliyi olan şəxslərin istifadəsi üçün panduslarla təchiz edilmiş alçaq döşəməli avtobuslar gətirilir. Əlilliyi olan şəxslərin rahat şəkildə avtobusa minib-düşməsi üçün xüsusi qurğu və avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinə üstünlük verilir. Avtobus salonlarında əlil arabaları üçün xüsusi yerlər də mövcuddur.

Əgər fiziki məhdudiyyətləri olan sərnişin üçün nəzərdə tutulan xüsusi yer artıq uşaq arabası ilə tutulubsa, konkret vəziyyət avtobusdakı şərait nəzərə alınmaqla yerində həll edilə bilər.

Niyə avtobusu 20–40 dəqiqə gözləməli oluruq?

Sərnişinlərin digər geniş yayılmış şikayətlərindən biri, xüsusilə pik saatlarında avtobusların hərəkət intervallarının uzun olmasıdır. AYNA-nın məlumatına görə, avtobusların sayı və hərəkət qrafiki sərnişin tələbatı nəzərə alınmaqla müəyyən edilir.

Hazırda paytaxtın marşrut xətlərində 2530 avtobus fəaliyyət göstərir. Bu, rekord göstəricidir. Müqayisə üçün, 2022-ci ilin sentyabrında Bakıda 1780, 2023-cü ildə 2011, 2024-cü ildə 2180, 2025-ci ildə isə 2340 avtobus istismar olunub. Beləliklə, dörd il ərzində avtobusların sayı 750 ədəd, yəni təxminən 42 faiz artıb.

Bundan əlavə, metro stansiyasının bağlanmasından sonra sərnişin yükünün bölüşdürülməsi layihəsi çərçivəsində 8 ekspres marşrut yaradılıb və 28 müntəzəm marşrut gücləndirilib. Lakin avtobusların sayının artırılması hər zaman gecikmələrin tam aradan qalxması demək deyil.

AYNA bildirir ki, avtobusların hərəkətinə, xüsusilə xüsusi avtobus zolaqlarının olmadığı ərazilərdə yol hərəkətinin sıxlığı təsir göstərir. Bu isə bəzi hallarda avtobusların gecikməsinə və nəticədə hərəkət intervallarının pozulmasına səbəb olur.

Avtobusların daha sürətli hərəkət etməsi və müəyyən edilmiş intervallara riayət etməsi üçün xüsusi hərəkət zolaqları yaradılır. Hazırda Bakıda 43 küçə və prospektdə ümumi uzunluğu təxminən 117 kilometr olan xüsusi avtobus zolaqları təşkil edilib. Yeni zolaqların yaradılması istiqamətində işlər davam etdirilir.

Avtobus parkı nə vaxt tam yenilənəcək?

Avtobus parkının yenilənməsi mərhələli şəkildə həyata keçirilir. Dəyişdirilməsinə ehtiyac olan avtobuslar müsabiqəyə çıxarılır və daha müasir nəqliyyat vasitələri ilə əvəz olunur.

Yalnız bu il dövlət və özəl müəssisələr tərəfindən 308 avtobus gətirilib, 29 marşrutda nəqliyyat vasitələri daha yeni və müasir avtobuslarla əvəzlənib.

AYNA qeyd edir ki, avtobus parkının həm say, həm də keyfiyyət baxımından yenilənməsi ilə bağlı işlər ilin sonunadək davam etdiriləcək.

Brutto müqavilə sisteminin tətbiqindən sonra qalan avtobusların yenilənməsi prosesinin daha da sürətlənəcəyi gözlənilir.

Sərnişin hara müraciət edə bilər?

Mövcud qaydalara baxmayaraq, avtobuslarda mübahisəli və konfliktli vəziyyətlər yenə də baş verir.

AYNA-nın məlumatına görə, sərnişinlər 141 Çağrı Mərkəzinə, eləcə də agentliyin sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə müraciət edə bilərlər. Əgər məsələ sərnişindaşımanın təşkili ilə bağlı qayda pozuntusudursa — məsələn, sürücü həddindən artıq sərnişin götürüb, dayanacaqda saxlamayıb, kondisioneri işə salmayıb və ya sərnişinin probleminə məhəl qoymayıbsa — AYNA-nın 141 nömrəsinə müraciət etmək mümkündür.

Avtobusda ciddi hüquq pozuntusu, məsələn, soyuq silahdan istifadə ilə müşayiət olunan dava və ya həyat və təhlükəsizlik üçün birbaşa təhdid yaradan başqa vəziyyət baş verərsə, hüquq-mühafizə orqanlarına 102 nömrəsi ilə müraciət edilməlidir.

Bundan başqa, neqativ halların araşdırılması zamanı hüquq-mühafizə orqanları daşıyıcıdan avtobus salonunda quraşdırılmış müşahidə kameralarının görüntülərini tələb edə bilər.

Avtobus hamı üçün ümumi məkandır

Sıxlıq, salonda havasızlıq, uzun müddət avtobus gözləmək və yol tıxacları sərnişinin birbaşa hiss etdiyi problemlərdir. Lakin səfərin təhlükəsizliyi yalnız marşrut xəttindəki avtobusların sayından deyil, bütün tərəflərin qaydalara əməl etməsindən asılıdır. Sürücü təhlükəsizlik tələblərinə riayət etməli və sərnişinlərlə düzgün ünsiyyət qurmalıdır. Daşıyıcı avtobusların lazımi texniki vəziyyətini və xidmətini təmin etməlidir. Sərnişinlər isə davranış qaydalarına əməl etməli, digər insanların xüsusi yerlərinə və ehtiyaclarına hörmətlə yanaşmalıdır.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər