Azərbaycanlı dizayner dünyanın moda sahəsində ən nüfuzlu şəxslərinin siyahısına daxil edilib – FOTO
Gürcüstandan olan etnik azərbaycanlı, modelyer Qalib Həsənov dünyanın müasir moda sənayesinə təsir göstərən şəxsləri bir araya gətirən “The Business of Fashion” (BoF) 500 Class of 2026 siyahısına daxil edilib.
1news.az xəbər verir ki, dizayner siyahıya daxil edilməsi barədə özünün “Instagram” hesabında məlumat verib.
“BoF 500 Class of 2026”nın bir hissəsi olmaq mənim üçün böyük şərəfdir”, - deyə Q. Həsənov paylaşımında bildirib. O, həmçinin “The Business of Fashion” nəşrini və onun təsisçisi İmran Amedin hesabını qeyd edib.
Qeyd edək ki, BoF 500 siyahısı hər il moda sənayesinə yeni töhfələr verən şəxslərlə yenilənir. 2026-cı ildə siyahıya dizaynerlər, sahibkarlar, şirkət rəhbərləri, modellər, media nümayəndələri və digər sahə təmsilçiləri daxil olmaqla 100 yeni şəxs əlavə edilib.
Qalib Həsənov daha əvvəl dizayner Luka Lin ilə birlikdə təsis etdiyi Act N°1 brendi ilə tanınıb. 2017-ci ildə onların yaratdığı brend İtaliyanın “Altaroma” qurumunun “Vogue Italia” ilə birgə təşkil etdiyi “Who Is On Next?” müsabiqəsinin qalibi olub.
Son illərdə Q. Həsənov özünün "Institution" brendini inkişaf etdirir. Dizayner 2026-cı ilin sentyabrında Milan Moda Həftəsi çərçivəsində "Institution" brendinin 2027-ci ilin yaz-yay mövsümü üçün hazırladığı kolleksiyanı təqdim edib.
Kolleksiyanın hazırlanmasında ənənəvi Azərbaycan ipək kəlağayısından ilhamlanılıb. Dizayner kolleksiyada ipək, dəri və yun materiallarından istifadə edib.
“The Business of Fashion” Q. Həsənovun brendi haqqında yazarkən “Milanlı dizaynerin Institution brendi Gürcüstan və Azərbaycanın ənənəvi sənətkarlıq irsini təqdim edir” ifadəsini işlədib.
Qeyd edək ki, 2019-cu ildə konseptual mağaza və marketpleys platforması Aizelin təsisçisi Aysel Trudel (Hüseynova) də BoF 500 siyahısına daxil edilib.












