Qaya Məmmədov: Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir | 1news.az | Xəbərlər
Mövqe

Qaya Məmmədov: Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir

1news Redaksiyası14:03 - Bu gün
Qaya Məmmədov: Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir

“Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında toxunduğu məsələlərdən biri İslam həmrəyliyi və Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr olub.

“Şübhəsiz ki, İslam həmrəyliyi və əməkdaşlığında mərkəzi yer tutan məsələlərdən biri Fələstin problemidir.

1991-ci ildə müstəqilliyini bərpa etmiş və həmin il İslam Konfransı Təşkilatına (sonradan İslam Əməkdaşlıq Təşkilatına çevrildi) üzv olmuş Azərbaycan həmişə İslam dünyasını narahat edən məsələlərdə, ələlxüsus Fələstin məsələsində fəal, aydın, ardıcıl və prinsipial mövqe nümayiş etdirib. Azərbaycanın bu məsələdə mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə və İslam həmrəyliyinə əsaslanır.

Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, eləcə də ikitərəfli siyasi və humanitar əlaqələr müstəvisində Azərbaycan üç onillikdən artıqdır ki, Fələstin xalqının hüquqlarını və iki dövlət prinsipinə əsaslanan sülh modelini dəstəkləyir.

BMT-də Azərbaycanın səsvermə tarixçəsi bu siyasətin ən aydın göstəricilərindən biridir. Azərbaycan BMT Baş Assambleyasında Fələstin məsələsinin həlli, Fələstinin BMT-yə üzvlüyü, Beynəlxalq Ədalət Məhkəməsinin müxtəlif məsələlər üzrə rəyinin alınması, son dövrdə isə Qəzzada atəşkəsin təmin edilməsi ilə bağlı qətnamələrin lehinə səs verib”, - deputat deyib.

O qeyd edib ki, Fələstin məsələsi üzrə İslam həmrəyliyinin siyasi və praktiki baxımdan təşəkkül tapdığı əsas format İslam Əməkdaşlıq Təşkilatıdır:

“İslam Əməkdaşlıq Təşkilatı məhz Fələstin problemi ilə bağlı yaranıb. 1969-cu ildə Əl-Əqsa məscidinin yandırılmasından sonra müsəlman ölkələrinin liderləri Rabatda bir araya gələrək İslam dünyasının ümumi maraqlarının müdafiəsi üçün institusional dialoqun əsasını qoyublar.

Azərbaycan 1991-ci ildə təşkilata üzv olduqdan sonra İƏT-lə əməkdaşlığı xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib.

Azərbaycan təşkilat çərçivəsində fəal iştirak etməklə yanaşı, onun institusional inkişafına böyük töhfə verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ilin iyununda Bakıda İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyası keçirilib. Prezident İlham Əliyev həmin iclasdakı çıxışında müsəlman ölkələri arasında daha praktik və nəticəyönümlü əməkdaşlığın zəruriliyini vurğulayıb. Məhz bu yanaşma əsasında həmin vaxtadək əsasən dialoq formatı kimi fəaliyyət göstərən İslam Konfransı Təşkilatında praktiki əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər intensivləşib.

2008-ci ildə yeni Nizamnamənin qəbul edilməsi və 2011-ci ildə təşkilatın adının İslam Konfransı Təşkilatından İslam Əməkdaşlıq Təşkilatına dəyişdirilməsi böyük ölçüdə Azərbaycanın irəli sürdüyü konsepsiyaya uyğun geniş institusional yenilənmənin tərkib hissəsi idi. Bununla təşkilatın formal konfrans diplomatiyasından daha fəal əməkdaşlıq, həmrəylik və koordinasiya modelinə keçidi təmin edildi”.

Qaya Məmmədov vurğulayıb ki, Azərbaycan Fələstinlə həmrəyliyini konkret təşəbbüslərlə də ifadə edib:

“2013-cü ilin iyununda Bakıda Fələstin Dövləti üçün İslam maliyyə təhlükəsizliyi şəbəkəsinin yaradılmasına dair nazirlər konfransı və Əl-Qüds Əl-Şərifə dəstək üzrə donor konfransı keçirilib. Burada Fələstin iqtisadiyyatına, infrastrukturuna, səhiyyə və təhsil sistemlərinə yardım məsələləri müzakirə olunub və 500 milyon dolları məbləğində maliyyə yardımı toplanıb. Həmin toplantıda Azərbaycanın təklifi ilə Fələstinə yardımları davamlı şəkildə təmin etmək üçün Fələstini Dəstəkləmək üçün İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi təsis edildi.

2017-ci ildə Bakı İƏT və BMT-nin Fələstin Xalqının Ayrılmaz Hüquqlarının Həyata Keçirilməsi üzrə Komitəsinin birgə təşkilatçılığı ilə Əl-Qüdsə siyasi və iqtisadi dəstək üzrə beynəlxalq konfransa ev sahibliyi edib. 2018-ci ildə Fələstinin müraciəti əsasında Asiya ölkələrində akkreditə olunmuş Fələstin səfirlərinin konfransı da Bakıda keçirilib”.

Deputatın sözlərinə görə, Azərbaycanın 2019–2024-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi bu qurum çərçivəsində Fələstin məsələsi üzrə həmrəyliyi və dəstəyi keyfiyyətcə yeni mərhələyə çıxarıb:

“Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilən XVIII Zirvə Görüşündə Fələstinlə bağlı ayrıca Bəyannamə qəbul olundu, Yekun Sənəddə isə Fələstin məsələsinə geniş ayrıca bölmə həsr edildi. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı 2020-ci ildə ilhaq planlarına, 2021-ci ildə Şərqi Qüdsdə baş verən hadisələrə münasibət bildirdi və hər il Fələstin üzrə siyasi bəyannamələr qəbul etdi.

2023-cü ilin iyulunda Fələstin üzrə Nazirlər Komitəsinin növbəti iclası Bakıda keçirildi. Qəzzada müharibə başladıqdan sonra isə Azərbaycan Qoşulmama Hərəkatı adından humanitar fəlakətə son qoyulması və BMT qətnamələrinin yerinə yetirilməsi çağırışlarını beynəlxalq ictimaiyyətə çatdırdı.

Burada mühüm bir məqam da nəzərə alınmalıdır. Qoşulmama Hərəkatının sənədləri konsensus əsasında qəbul olunsa da, sədr ölkənin gündəliyin formalaşdırılmasında, toplantıların çağırılmasında və Hərəkatın siyasi mövqeyinin beynəlxalq auditoriyaya təqdim edilməsində xüsusi rolu var. Azərbaycan pandemiya kimi qlobal böhran şəraitində belə Fələstin məsələsinin Hərəkatın gündəliyindən kənarda qalmasına imkan vermədi”.

O deyib ki, 2023-cü il oktyabrın 7-də başlayan və ilk günlərdən beynəlxalq humanitar hüququn ciddi pozuntuları ilə müşayiət olunan Qəzza münaqişəsi ilə bağlı Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi atəşkəsin əldə edilməsi və münaqişənin həlli üzrə beynəlxalq səylərin səfərbər olunması istiqamətində müvafiq addımlar atıb:

“Azərbaycanın sədrliyi Uqandaya təhvil verdiyi 2024-cü ilin yanvar sammitində qəbul edilmiş sənədlərin layihələri Azərbaycanın sədrliyi altında Koordinasiya Bürosunda razılaşdırılmışdı. Həmin sənədlərdə Qəzzada dərhal və davamlı humanitar atəşkəsin bərqərar olunması tələb edilirdi.

Azərbaycanın siyasətinin ən mühüm cəhəti isə bu dəstəyin yalnız siyasi bəyanatlarla məhdudlaşmamasıdır. Azərbaycan BMT və İƏT xətti ilə Fələstinə 9,2 milyon ABŞ dollarından artıq humanitar və sosial yardım göstərib. Buraya Qüdsdə infrastruktur layihələri üçün 5 milyon dollar, 2013–2014-cü illərdə Qəzzaya 630 min dollar, COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması üçün 1,6 milyon dollar, eləcə də 2024-cü ilin sonlarında zərər çəkmiş icmalara yardım və Fələstində yeni məktəbin tikintisi üçün ayrılması elan olunan əlavə 2 milyon dollar daxildir.

Azərbaycan məlum siyasi çətinliklərə baxmayaraq, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə yardımı göstərib. Ölkəmiz Fələstinin Bakıdakı səfirliyinin fəaliyyət xərclərinin bir hissəsini qarşılayır. 2023-cü ildə Azərbaycanın Ramallahda Təmsilçilik Ofisinin açılması isə ikitərəfli münasibətlərin institusional baxımdan yeni mərhələyə keçməsinin göstəricisi oldu”.

Qaya Məmmədov bildirib ki, siyasi əlaqələr də yüksək səviyyədə və müntəzəm xarakter daşıyır:

“Fələstin Prezidenti Mahmud Abbas 2011-ci ildə Azərbaycana rəsmi səfər edib. Sonrakı illərdə Fələstinin baş nazirləri və xarici işlər nazirləri Prezident İlham Əliyev tərəfindən dəfələrlə qəbul olunublar.

Azərbaycan Fələstin məsələsi ilə bağlı ərəb dövlətləri ilə də daim siyasi dialoq aparır. Azərbaycanın Ərəb Dövlətləri Liqası (ƏDL) yanında səfir səviyyəsində daimi müşahidəçisi fəaliyyət göstərir. Prezident İlham Əliyevin xüsusi qonaq qismində Ərəb Liqasının 2022-ci il Əlcəzair sammitində iştirakı və orada söylədiyi geniş nitq Azərbaycanın İslam dünyasının əsas məsələlərində mötəbər səs sahibi olduğunu göstərir.

Azərbaycan 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin Dövlətinin yaradılmasına dair beynəlxalq konsensusa söykənən məqsədin reallaşması üçün nəticəyönümlü, təmkinli diplomatiya yürüdür və real addımlar atır. Regionun müxtəlif dövlətləri ilə münasibətlərə malik olması Bakıya əlavə diplomatik imkanlar yaradır. Azərbaycan bu əlaqələrindən gərginliyin azaldılması, humanitar məsələlərin həlli və siyasi danışıqların bərpasının təşviqi üçün istifadə edir”.

Deputat qeyd edib ki, Ərəb Liqası və Fələstin rəhbərliyi Azərbaycanın bu mövqeyini dəfələrlə yüksək qiymətləndirib və göstərilən siyasi, diplomatik və humanitar dəstəyə görə təşəkkürünü ifadə edib:

“Son olaraq, 2026-cı ilin iyulunda Bakıda səfərdə olan Fələstinin Baş naziri Məhəmməd Mustafa Azərbaycanın iki dövlət prinsipinə verdiyi dəstəyə, humanitar yardımına və UNRWA-ya töhfəsinə görə təşəkkürünü ifadə edib.

Beləliklə, üç onillikdən artıq dövrün mənzərəsi kifayət qədər aydındır. Azərbaycan özünün təmkinli və ardıcıl siyasəti ilə Fələstin məsələsinin ədalətli həlli üçün real və təsirli addımlar atır. Kifayət qədər mürəkkəb və çoxsaylı geosiyasi çalarları olan bu məsələnin həllini həqiqətən istəyən bütün qüvvələrin emosiyalarla deyil, rasional yanaşma əsasında hərəkət etməsi Yaxın Şərq regionunda haqq-ədalətin, sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olmasına daha səmərəli töhfə verə bilər”.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər