Britaniyada iki qızıl medal qazanan Tofiq Əliyev mundialda da uğurlu nəticəni hədəfləyib
Böyük Britaniyada iki qızıl medal qazanan tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev dünya çempionatında da uğurlu nəticəyə nail olmaq istəyir.
1news.az xəbər verir ki, idmançı bu barədə "Report"a açıqlamasında bildirib.
21 yaşlı gimnast gələcək hədəflərindən söz açıb:
"Qarşıda ilin ən vacib yarışı olan, Çində keçiriləcək dünya çempionatı var. Hazırda bütün diqqətimi hazırlıq prosesinə yönəltmişəm. Daha sonra dekabrda Danimarkada keçiriləcək "Faceoff Events" finalında iştirak edəcəyəm. Əsas məqsədim mövsümün qalan hissəsini də uğurlu nəticələrlə başa vurmaqdır".
T.Əliyev Böyük Britaniyadakı yarışı iki qızıl medalla başa vurduğu üçün xoşbəxt olduğunu söyləyib:
"Əsas məqsədim dünya çempionatından əvvəl özümü yoxlamaq və yarış ritmini qorumaq idi. Nəticələr də göstərdi ki, hazırlığım düzgün istiqamətdə gedir. Yarışda yeni nəsil Gymnova cığırından istifadə olunurdu və ona uyğunlaşmaq müəyyən zaman tələb edir. Buna görə də yarışın ilk günü mənim üçün daha çətin keçdi".
Xatırladaq ki, Tofiq Əliyev milli yaş qrupları finalı və Böyük Britaniya çempionatını 2 qızıl mükafatla başa vurub.











