Media və Yayım Şurası: Azərbaycanın BND-nin keçmiş rəhbəri ilə bağlı istintaqa əlaqələndirilməsi dezinformasiyadır
Azərbaycan Respublikası Media və Yayım Şurası Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adının hallandırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
1news.az xəbər verir ki, şuradan verilən açıqlamada qeyd olunub ki, Azərbaycanın sözügedən istintaq işi ilə əlaqələndirilməsi ilə bağlı xarici media resurslarında yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır.
Bildirilib ki, Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters”, AFP, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan iddiaların rəsmi mənbəyə istinad edilmədən fakt kimi təqdim olunması ciddi narahatlıq doğurur.
Media və Yayım Şurası bu cür materialların yayılmasını informasiya manipulyasiyası kimi qiymətləndirib. Şuranın açıqlamasına görə, yayılan məlumatların məqsədi son dövrlərdə inkişaf edən Azərbaycan-Almaniya əlaqələrinə xələl gətirməkdir.
Açıqlamada həmçinin beynəlxalq media subyektləri peşəkar jurnalistikanın əsas prinsiplərinə, o cümlədən dəqiqlik, obyektivlik, etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması qaydalarına riayət etməyə çağırılıb.
Şura həqiqətə uyğun olmayan məlumatların yayılmasının və ictimai rəyin manipulyasiya edilməsinin yolverilməz olduğunu vurğulayıb.













