Yasamal yanğını üzrə məhkəmədə MÜHÜM MƏQAMLAR: “Əslində Loft Dent-i kim idarə edib?” | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamal yanğını üzrə məhkəmədə MÜHÜM MƏQAMLAR: “Əslində Loft Dent-i kim idarə edib?”

Oksana Orucova21:00 - Bu gün
Yasamal yanğını üzrə məhkəmədə MÜHÜM MƏQAMLAR: “Əslində Loft Dent-i kim idarə edib?”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Kəmidovun sədrliyi ilə 21 noyabr 2025-ci il tarixdə Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

1news.az xəbər verir ki, iclasda iş üzrə təqsirləndirilən şəxs, Loft Dent stomatoloji klinikasının direktoru Bəhruz Paşayevin ifadəsi dinlənilib. İfadədən sonra zərərçəkmiş şəxslərin vəkili Xeyransə Babayeva, habelə yanğın hadisəsi zamanı tüstüdən boğularaq dünyasını dəyişmiş 7 yaşlı Arzu Qəmbərlinin atası, zərərçəkmiş şəxsin hüquqi varisi, Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərov, dövlət ittihamçısı və məhkəmə tərkibində olan hakimlər tərəfindən təqsirləndirilən şəxsə çoxsaylı suallar ünvanlanıb.

Sualların əsas hissəsi Loft Dent stomatoloji klinikasının sahibi Vüqar Abbasovun obyektin faktiki idarə olunmasında və hadisə ilə bağlı proseslərdə roluna, elektrik doldurma məntəqələrinin quraşdırılmasına dair məlumatlılığına və həmin quraşdırılmaya münasibətinə yönəlib.

Vüqar Abbasov

Məhkəmə iclasında verilən suallar və təqsirləndirilən şəxsin cavabları əsasında zərərçəkmiş tərəfin mövqeyinə görə, Vüqar Abbasovun obyekt üzərində faktiki sahibliyinin və idarəetməsinin olduğu, Bəhruz Paşayevin isə formal olaraq direktor kimi göstərildiyi barədə mühüm məqamlar ortaya çıxıb. Bildirilib ki, obyekt faktiki olaraq Vüqar Abbasov tərəfindən idarə olunub, daha sonra formal şəkildə Bəhruz Paşayevə icarəyə verilib.

Bəhruz Paşayev

Həmçinin məhkəmə araşdırması zamanı Vüqar Abbasovun obyektdə həyata keçirilən fəaliyyətlərdən və elektrik avtomobilləri üçün doldurma məntəqələrinin quraşdırılmasından məlumatlı olduğu, həmin quraşdırılmaya razılıq verdiyi və obyektin fəaliyyətindən gəlir əldə etdiyi barədə məsələlər xüsusi diqqət mərkəzində olub.

İclas zamanı təqsirləndirilən şəxsin ifadəsində bir sıra ziddiyyətli məqamlar da müşahidə olunub. Verilən sualların və alınan cavabların məcmusu Vüqar Abbasovun obyektin faktiki idarə olunmasında rolunun olub-olmamasının və hadisə ilə mümkün əlaqəsinin məhkəmə tərəfindən araşdırılmasının zəruriliyini bir daha ortaya qoyub.

Növbəti məhkəmə iclası 4 noyabr 2026-cı il tarixinə təyin edilib. Növbəti prosesdə Vüqar Abbasovun və digər zərərçəkmiş şəxslərin məhkəməyə gələrək ifadə verməsi gözlənilir.

Paylaş:
234

Son xəbərlər

Bütün xəbərlər