Hadrutun işğaldan azad edilməsindən 6 il ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

Hadrutun işğaldan azad edilməsindən 6 il ötür

1news Redaksiyası08:55 - Bu gün
Hadrutun işğaldan azad edilməsindən 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 6 il ötür.

1news.az xatırladır ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad olunub.

Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub istiqamətində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə – Hadrut qəsəbəsinə yönəlib. Hadrutun azad edilməsi müharibənin gedişatına ciddi təsir göstərən mühüm hərbi əməliyyatlardan biri olub. Ermənistan tərəfi Azərbaycan hərbçilərinin Şuşaya başqa istiqamətdən irəliləyəcəyini gözlədiyi halda, Ordumuz Hadrutu azad etdikdən sonra Şuşa istiqamətində hərəkət edib. Bu baxımdan Hadrut döyüşləri Şuşanın azad olunması əməliyyatında mühüm rol oynayıb.

Oktyabrın 7-dən etibarən bölgədə şiddətli döyüşlər başlayıb. Oktyabrın 9-da Azərbaycan Ordusu Hadrut qəsəbəsi ətrafındakı strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarətə götürüb. Həmin gün Hadrutla yanaşı, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Yuxarı Güzlək və Gorazıllı, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər və Süleymanlı, eləcə də Xocavənd rayonunun Sor kəndi işğaldan azad edilib.

2021-ci il martın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Hadrut qəsəbəsində Azərbaycan bayrağını ucaldıb və çıxış edib.

Hadrutun azad edilməsi Vətən müharibəsində əldə olunan tarixi Qələbəyə aparan yolda mühüm mərhələlərdən biri kimi yadda qalıb.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər