İlham Əliyev: Donald Trampın sülh səyləri Nobel mükafatı ilə qiymətləndirilməlidir
Azərbaycan Prezidenti İlham Əliyev ümidvar olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcək.
1news.az xəbər verir ki, dövlət başçısı bunu "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Dövlət başçısı qeyd edib:
“ABŞ Prezidenti Donald Tramp 2025-ci il avqustun 8-də Vaşinqtonda ev sahibliyi etdiyi Sülh Sammitində Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına nail olmaq istiqamətində tarixi rol oynayıb.
Sülh prosesinə verdiyi müstəsna töhfəyə görə mənim təşəbbüsümlə Azərbaycan və Ermənistan Prezident Trampı birgə şəkildə Nobel Sülh Mükafatına namizəd göstərib.
Ümid edirik ki, Prezident Trampın regionumuzda davamlı sülhün təmin olunması istiqamətində göstərdiyi tarixi səylər bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqli qiymətini alacaq”.












