Bakıda Çexiya-Azərbaycan biznes forumu işə başlayıb
Bakıda iki ölkə arasında iqtisadi və işgüzar əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan və Çexiya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə biznes forum keçirilir.
1news.az xəbər verir ki, tədbir oktyabrın 12-də paytaxtda işə başlayıb.
Forumda nəqliyyat, dəmir yolu infrastrukturu, aviasiya, logistika, müdafiə sənayesi, mühəndislik, sənaye texnologiyaları və maliyyə xidmətləri sahələrində fəaliyyət göstərən Çexiya şirkətləri təmsil olunur.
İştirakçılar arasında intellektual nəqliyyat sistemləri sahəsində fəaliyyət göstərən "CAMEA Technology", dəmir yolu nəqliyyatı üçün avadanlıq və komponentlər istehsal edən "BONATRANS GROUP", aviasiya kadrlarının hazırlanması üzrə ixtisaslaşan "Czech Aviation Training Centre" və beynəlxalq logistika xidmətləri göstərən "EGT Express CZ" şirkətləri var.
Maliyyə sektorunu "Czech Export Bank" və İxrac Zəmanət və Sığorta Korporasiyası (EGAP) təmsil edir. Forum çərçivəsində ixrac əməliyyatlarının maliyyələşdirilməsi, risklərin sığortalanması və birgə biznes layihələrinin dəstəklənməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Çexiya tərəfdən tədbirdə dəmir yolu ilə yükdaşıma sahəsində fəaliyyət göstərən "ČD Cargo", Ostrava və Karlovı Varı hava limanları, müdafiə texnologiyaları və müşahidə sistemləri sahəsində çalışan "ERA", eləcə də sənaye maşınqayırması üzrə ixtisaslaşan "Škoda Group" və "Wikov Group" şirkətləri iştirak edir.
Forumda intellektual nəqliyyat sistemləri, nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması, sənaye avadanlıqlarının istehsalı, metal emalı və infrastruktur layihələri üzrə mümkün əməkdaşlıq istiqamətlərinin də müzakirə olunacağı gözlənilir.
Tədbirin məqsədi Azərbaycan və Çexiya şirkətləri arasında işgüzar əlaqələrin qurulması, yeni tərəfdaşlıqların yaradılması və qarşılıqlı investisiya imkanlarının müzakirəsidir.












