Azərbaycanda ÜDM 1,5 faiz artıb - STATİSTİKA
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard 48,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artıb.
ÜDM istehsalının 34,3 faizi sənayenin, 10,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatının, 6,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 5,4 faizi tikintinin, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2 faizi informasiya və rabitə sahələrinin payına düşüb.
ÜDM-in 20,9 faizi digər sahələrdə yaradılan əlavə dəyər hesabına formalaşıb, məhsula və idxala xalis vergilər isə ÜDM-in 9,8 faizini təşkil edib.
Yanvar-sentyabr aylarında informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 11,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 10 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,5 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 3,8 faiz artıb.
Digər xidmət sahələrində əlavə dəyər 1,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,1 faiz, sənayedə isə 0,2 faiz artım qeydə alınıb.
Hesabat dövründə tikinti sektorunda əlavə dəyər 8,7 faiz azalıb.












